24-cü Rəbb günü Adi dövrdə C ili

Çıxış kitabından sözlər (Çıxış 32, 7-11; 13-14)

Rəbb Musaya dedi: «Tez ol, düş aşağı, çünki Misirdən gətirdiyin xalqın öz əxlaqını pozdu və Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misirdən çıxaran allahlarınız!”» Rəbb Musaya sözünü davam etdi: «Görürəm ki, bu xalq dikbaş xalqdır. Qoy Mən xalqa qarşı qəzəblənib onu yox edim, səndən isə böyük millət əmələ gətirim».

Musa Allahı Rəbbə yalvarıb dedi: «Ya Rəbb, nə üçün Öz xalqına qarşı qəzəbin alovlansın? Sən onları Misirdən böyük qüdrətinlə və qüvvətli əlinlə qurtarmadınmı? Qulların İbrahimi, İshaqı, və İsraili xatırla və Özün naminə onlara and edərək “nəslinizi göydəki ulduzlar qədər çoxaldacağam, vəd etdiyim bu ölkənin hamısını nəslinizə verəcəyəm və onlar əbədilik oraya sahib olacaqlar” dedin». Beləliklə, Rəbb Öz xalqına bəla gətirmək niyyətindən döndü.

Məzmur (51, 1-2. 10-11. 15+17)

Nəqarat: Durub atamın yanına gedəcəyik.

Məhəbbətin naminə, ey Allah, mənə lütf et, bol mərhəmətinə görə asiliklərimi sil. Mənim bütün təqsirlərimi yu, günahımdan təmizlə.

Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver.

Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə.

Ey Xudavənd, Sən dilimi aç, ağzımla Sənə olan həmdlərimi bəyan edim.

Allaha məqbul olan qurban etiraf ruhudur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan!

Müqəddəs Pavelin Timoteyə 1-ci məktubundan sözlər (1Tim 1, 12-17)

Mənə qüvvət verən Rəbbimiz Məsih İsaya şükür edirəm ki, məni sadiq sayıb, xidmətinə təyin etdi. Əvvəllər Ona küfr edən, təqibçi və zalım olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim. Amma Rəbbimizin lütfü Məsih İsaya olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi. Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi, bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm. Lakin ən betəri olduğum halda, mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona gələcəkdə iman edib əbədi həyata malik olanlara mən nümunə olum. Əsrlərin Hökmdarı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin.

Müqəddəs Luka tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Lk 15, 1-10)

Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. Fariseylər və ilahiyyatçılar isə “bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir” deyə gileylənirdilər. Amma İsa onlara bu məsəli çəkdi: Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə buraxaraq, itmiş qoyunu tapanadək onu axtarmazmı? Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: „Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!“ Sizə bunu deyim ki, beləcə də göydə, tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq. Yaxud on dirhəmi olan hansı bir qadın birini itirsə, çıraq yandırıb, evi süpürüb onu tapanadək diqqətlə axtarmaz? Tapanda öz rəfiqələrini və qonşularını çağırıb deyər: „Mənimlə birlikdə sevinin, axı mən itirilmiş dirhəmi tapdım!“ Sizə bunu deyim ki, Allahın mələklərinin hüzurunda da tövbə edən bir günahkara görə sevinc olur”.