25-ci Rəbb günü Adi dövrdə C ili

Amos peyğəmbər kitabından sözlər (8, 4-7 )

Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, Taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, Buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, Aldadıcı tərəzi quraq. Qoy yoxsulları pula, Möhtacları bir cüt çarığa satın alaq, Buğdanın tör-töküntüsünü də sataq”.

Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”.

Z 113, 1-2. 4-6. 7-8

Nəqarat: Rəbbə həmd edin, çünki yoxsulları toz-torpaqdan qaldırır!

Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin isminə həmd edin! İndidən sonsuzadək Rəbbin isminə alqış olsun!

Rəbb bütün millətlərdən ucadır, Ehtişamı göylərdən yüksəkdir!

Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan, göyə, yerə əyilərək baxan Odur.

O, yoxsulları toz-torpaqdan qaldırar, fəqirləri küllükdən çıxarar.

Onları əsilzadələrlə, Öz xalqının əsilzadələri ilə yanaşı oturdar.

1 Tim 2, 1-8

Hər şeydən əvvəl xahiş edirəm: Allah yoluna tam bağlılıq və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, şəfaət və şükürlər edilsin. Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır. O bütün insanların xilas olub, həqiqəti dərk etməsini istəyir. Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, insan olan Məsih İsadır. O hamını satın almaq üçün Özünü fəda etdi və münasib vaxtın çatdığını şəhadət etdi. Mən də həmin şəhadətin təbliğatçısı və həvarisi təyin edildim – yalanı deyil, həqiqəti söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum. Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə pak əllər qaldırıb dua etsinlər.

Lk 16, 1-13

İsa şagirdlərinə bunları danışdı: “Dövlətli bir adamın eşikağası var idi. Ona xəbər verdilər ki, eşikağası onun var-dövlətini israf edir. Dövlətli adam onu yanına çağırıb dedi: Bu nədir, sənin haqqında mən nələr eşidirəm? Mənə idarəçiliyinin hesabatını ver. Sən artıq eşikağası ola bilməzsən. Eşikağası öz-özünə dedi: Mən nə edəcəyəm? Ağam evin idarəçiliyini əlimdən alır. Torpaq belləyə bilmirəm, dilənməkdən də utanıram. İşdən qovulanda məni öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm. Ona görə də öz ağasına borclu olanları bir-bir çağırıb birincisinə dedi: Mənim ağama nə qədər borclusan? O yüz bat zeytun yağı dedi. Eşikağası ona dedi: “Öz qəbzini götür, otur və tez yaz: əlli. Sonra o birisinə dedi: Bəs sənin nə qədər borcun var? O cavab verdi: Yüz kor buğda. Eşikağası ona dedi: Öz qəbzini götür və yaz: səksən. Ağası nadürüst eşikağasını fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. Mən sizə bunu deyirəm: bu dünyanın fani var-dövləti ilə özünüzə dostlar qazanın ki, var-dövlət yox olduqda onlar sizi əbədi məskənlərə qəbul etsinlər. Ən balaca bir işdə sadiq olan böyük işdə də sadiqdir, lakin ən balaca bir işdə sadiq olmayan böyük işdə də sadiq deyil. Beləliklə, əgər siz fani sərvəti istifadə etməkdə sadiq olmasanız, əsl var-dövləti sizə kim etibar edər? Əgər başqasının malından istifadə etməkdə sadiq olmadınızsa, öz malınızı sizə kim verər? Heç bir nökər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də var-dövlətə qulluq edə bilməzsiniz”.