26-cı Rəbb günü Adi dövrdə C ili

Am 6, 1ab. 4-7

Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar. Ey fil dişi ilə bəzənmiş divanlarda yayxanıb, yataqlarda uzanıb, sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər! Çəng çalıb bədahətən oxuyanlar, guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər, piyalə-piyalə şərab içənlər, bədənlərinə əla yağlar sürtənlər, lakin Yusif nəslinin qırğınına görə narahat olmayanlar! Bundan ötrü sürgünlüyə başda siz gedəcəksiniz. Kürsülərdə yayxananların ziyafətləri başa çatacaq.

Z 146, 6c-7. 8-9a. 9b-10

Nəqarat: Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Səltənət onlarındır.

Rəbb əbədi sadiq qalandır. O, miskinlərə haqq qazandırır,

O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir.

Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir, Rəbb salehləri sevir. Rəbb qəriblərə dayaq olur.

O, yetimi, dul qadını ayağa qaldırır, pislərinsə yollarını dolaşdırır.

Rəbb əbədi hökmranlıq edir. Ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin!

1 Tim 6, 11-16

Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, Allah yolunda yeriməyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get. İman uğrunda yaxşı mübarizə apar. Çağırıldığın əbədi həyatı bərk tut. Bunun üçün imanını bir çox şahid qarşısında doğru təsdiq etdin. Hər şeyə həyat verən Allahın və öz doğru təsdiqinə Ponti Pilatın önündə şəhadət verən Məsih İsanın hüzurunda sənə tapşırıram ki, Rəbbimiz İsa Məsihin zühurunadək Allahın əmrinə qüsursuz və nöqsansız əməl et. Allah Onu Öz vaxtinda zahir edəcək. Bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır. Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi hakimiyyət olsun. Amin.

Lk 16, 19-31

Varlı bir adam var idi. O, tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-calal içində kef edərdi. Bütün bədəni yaralı olan Lazar adlı bir kasıb var idi. O, varlı adamın qapısı ağzında uzanmışdı. Lazar varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı. Bir gün kasıb öldü və mələklər onu İbrahimin qucağına apardı. Varlı adam da öldü və dəfn edildi. Varlı adam ölülər diyarında əzab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. O uca səslə dedi: “Ey İbrahim ata, mənə rəhm et! Lazarı göndər, barmağının ucunu suya batırıb mənim dilimi sərinlətsin, çünki mən bu alov içində əzab çəkirəm”. Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən. Üstəlik, sizinlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər“. Varlı adam dedi: „Ata, elə isə yalvarıram sənə, Lazarı atamın evinə göndər. Çünki beş qardaşım var. Qoy onlara bildirsin ki, onlar da bu əzab yerinə gəlməsinlər“. İbrahim ona dedi: „Onlarda Musanın və peyğəmbərlərin sözləri var. Qoy onlara qulaq assınlar“. Varlı adam isə dedi: „Xeyr, İbrahim ata! Əgər ölülərdən biri onların yanına gəlsə, onlar tövbə edərlər“. Onda İbrahim ona dedi: “Əgər onlar Musaya və peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar”.