27-ci Rəbb günü Adi dövrdə C ili

Hab 1, 2-3; 2, 2-4

Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sən isə eşitmirsən. «Zorakılıq var!» deyə fəryad edirəm, lakin qurtarmırsan. Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Haraya nəzər salsam, orada soyğunçuluq və zorakılıq var, davaların, çəkişmələrin sonu yoxdur. Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, qoy hər kəs tez onu oxuya bilsin. Çünki bu görüntü müəyyən vaxt üçündür, başa çatmağa tələsir və yalan deyil. Sanki gecikir, amma gözləyin, çünki hökmən gələcək, gecikməyəcək. Budur, məğrurların niyyətləri düzgün deyil, amma saleh adam imanı ilə yaşayacaq.

Z 95, 1-2. 6-7. 8-9

Nəqarat: Ya Rəbb, qoy səsinə qulaq asıb ürəklərimiz inadkar olmasın!

Gəlin Rəbbi mədh edək, bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək.

Şükür edərək hüzuruna gedək, cuşa gəlib ilahilərlə Ona nida edək!

Gəlin Ona səcdə edək, əyilək, bizi yaradan Rəbbin hüzurunda diz çökək.

Çünki O, Allahımızdır, biz Onun otlağının xalqıyıq, əlinin altındakı sürüsüyük.

Kaş ki bu gün dediyini eşidəydiniz: «Qoy ürəkləriniz Merivada olduğunuz kimi, Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın. Orada atalarınız Məni sınadılar, əməllərimi görsələr də, Məni yoxladılar.

2 Tim 1, 6-8. 13-14

Bu səbəbdən əllərimi sənin üzərinə qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram. Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir. Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əziyyətə döz. Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür. Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.

Lk 17, 5-10

Həvarilər Rəbbə dedi: “İmanımızı artır!” Rəbb onlara belə dedi: “Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına: „Kökündən çıx və dənizdə əkil!“ deyərdiniz, o da sizin sözünüzə baxardı. Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda „tez ol, gəl süfrə başında otur“ deyər? Əksinə, ona „şam yeməyimi hazırla və qurşanıb mənə qulluq et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç“ deməzmi? Onun əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? Siz də belə, sizə əmr olunanları yerinə yetirəndən sonra deyin: „Biz dəyərsiz qullarıq, çünki görməli işlərimizi etmişik”.