28-ci Rəbb günü Adi dövrdə C ili

2 Kr 5, 14-17

Bundan sonra Naaman Allah adamının sözünə görə İordan çayına enib yeddi dəfə suya baş vurdu. Onun bədəni sağaldı və körpə bədəni kimi tər-təmiz oldu. Naaman bütün dəstəsi ilə yenə Allah adamının yanına gəldi və onun önündə dayanıb dedi: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur. Buyur bu qulunun hədiyyəsini götür».

Lakin Elişa dedi: «Önündə durduğum var olan Rəbbə and olsun ki, heç nə götürməyəcəyəm». Naaman götürməyi tə’kid etdi, ancaq Elişa istəmədi. Naaman dedi: «əgər götürmürsənsə, onda qoy bu quluna buradan iki qatır yükü torpaq verilsin. Çünki bu qulun artıq başqa allahlara deyil, yalnız Rəbbə yandırma qurbanları və təqdimlər gətirəcək.

Z 98, 1. 2-3b. 3c-4

Nəqarat: Rəbb millətlərin gözündə salehliyini aydın göstərdi.

Rəbbə yeni bir ilahi oxuyun, çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı.

Rəbb zəfərini bəyan etdi, millətlərin gözündə salehliyini aydın göstərdi. İsrail nəslinə göstərdiyi məhəbbətini və sədaqətini xatırladı.

Yer üzünün hər tərəfi Allahımızın zəfərini gördü. Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!

2 Tim 2, 8-13

Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölülərdən dirilən İsa Məsihi yadında saxla. Bu Müjdə naminə bir zəncirə vurulmuş cinayətkar kimi əziyyət çəkirəm. Amma Allahın kəlamı zəncirlənməmişdir. Bu səbəbdən seçilmişlər uğrunda, onlar da Məsihdə olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm. Bu söz etibarlıdır ki, «Əgər Onunla öldüksə, Onunla da yaşayacağıq; Əgər dözəriksə, Onunla da birlikdə hökm edəcəyik. Əgər Onu inkar etsək, O da bizi inkar edəcək. Biz sadiq qalmasaq da, O sadiq qalacaq. Çünki Öz təbiətinə zidd davrana bilməz.»

Lk 17, 11-19

İsa Yerusəlimə yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı qarşıladı. Onlar uzaqda durub ucadan çığırdı: “İsa, ustad, bizə rəhm et!” İsa onları görüb “gedin, özünüzü kahinlərə göstərin” dedi. Onlar yol boyu gedərək təmizləndi. Onlardan biri isə sağaldığını görəndə yüksək səslə Allaha həmd-səna edərək qayıtdı. O üzüstə İsanın ayaqlarına düşərək Ona minnətdarlıq elədi. Bu adam Samariyalı idi. Onda İsa dedi: “Sağalanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? Bu yadellidən savayı geri dönüb Allaha həmd edən olmadımı?” Sonra o adama dedi: “Ayağa qalx, get. İmanın səni xilas etdi”.