29-cu Rəbb günü Adi dövrdə C ili

Çıxış 17, 8-13

Bundan sonra Amaleqlilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər. Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam». Yeşua da Musa deyən kimi etdi və gedib Amaleqlilərlə döyüşdü. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini endirəndə isə Amaleqlilər üstün gəlirdi.

Lakin Musanın əlləri yorulurdu. Ona görə də bir daş götürüb onun altına qoydular. Musa daşın üstündə oturdu. əlinin birindən Harun, o birisindən isə Xur yapışdı. Beləcə Musanın gün batanacan əlləri möhkəm qaldı. Yeşua Amaleq xalqını qılıncdan keçirib qırdı.

Z 121, 1-2. 3-4. 5-6. 7-8

Nəqarat: Göyləri və yeri yaradan Rəbdən mənə kömək gələcək.

Gözlərimi dağlara tərəf dikmişəm, haradan mənə kömək gələcək?

Göyləri və yeri yaradan Rəbdən mənə kömək gələcək.

O, ayaqlarını büdrəməyə qoymaz, səni qoruyan yatmaz.

Bax İsraili qoruyan yuxulamaz, yatıb qalmaz.

Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir.

Sənə gündüz günəşin ziyanı dəyməz, gecənin ayı sənə zərər verməz.

Rəbb səni hər cür şərdən qoruyar, canını hər şeydən qoruyar.

Rəbb gediş-gəlişini hifz edər indidən sonsuza qədər.

2 Tim 3, 14 – 4, 2

Sən isə öyrəndiyin və güvəndiyin şeylərə sadiq qal. Çünki bunları kimdən öyrəndiyini, Müqəddəs Yazıları da uşaqlıqdan bəri tanıdığını bilirsən. Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilasedici hikmət verə bilir. Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, ifşa, islah, salehlik tərbiyəsi üçün faydalıdır. Beləliklə, Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin. Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Səltənəti haqqı üçün sənə and içdirirəm ki, Allahın kəlamını təbliğ edəsən, hansı vaxt olursa-olsun hazır olasan. İnsanlara tam səbirlə təlim verərək inandır, xəbərdarlıq et və nəsihət ver.

Lk 18, 1-8

İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğuna dair bir məsəl çəkdi. O dedi: “Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi. Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın onun yanına gəlib dedi: „Məni rəqibimdən müdafiə et“. Amma hakim xeyli müddət bunu etmək istəmirdi, sonra isə öz-özünə dedi: „Halbuki mən nə Allahdan qorxuram, nə də adamlara hörmət edirəm, bu qadın məni narahat etdiyi üçün onu müdafiə edim ki, o bir daha gəlib mənim zəhləmi tökməsin”. Rəbb sözünə belə davam etdi: “Ədalətsiz hakimin nə dediyini dinləyin. Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənləri müdafiə etməyəcəkmi? Onlar üçün çox gecikəcəkmi? Sizə bunu deyirəm ki, onları tezliklə müdafiə edəcək. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?”