30-cu Rəbb günü Adi dövrdə C ili

Siraq kitabından sözlər (Sir 35, 15-17. 20-21)

Rəbb, insanlar arasında ayrı-seçkilik etməyən bir hakimdir. O, yoxsulun haqqını yeməz, zərər çəkənin səsini dinləyər. Nə yetimin yalvarışlarını, nə də dul qadının fəryadlarını alçaltmaz. Allaha bütün ürəyi ilə xidmət edən onun rizasını qazanır və duası göylərə qədər yüksəlir. Yoxsulun duası buludları aşıb keçər və duası niyətinə çatmadıqca, yoxsul hüzur tapmaz. Uca Tanrı gözlərini onun üzərinə çevirənə qədər, doğruya haqq verənə qədər və ədaləti bərpa edənə qədər yoxsul duasına son verməz.

Z 34, 2-3. 17-18. 19-23

Nəqarat: Salehlər fəryad çəkəndə Rəbb eşidir.

Rəblə könlüm fəxr edir, ey məzlumlar, eşidib sevinin!

Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.

Salehlər fəryad çəkəndə Rəbb eşidir, onları bütün əzablarından azad edir.

Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır.

Salehlər çox bəlaya düçar olar, lakin Rəbb onları hər birindən qurtarır.

Rəbb onların hər bir sümüyünü qoruyur, heç biri zədələnməz.

İşlər öz şəri ilə məhv olacaq, salehə nifrət edən məhkum olacaq.

Rəbb qullarının canını azad edir, Rəbbə pənah gətirən məhkum olmur.

2 Tim 4, 6-8. 16-18

Çünki qanım artıq maye təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. Mən yaxşı mübarizə aparmışam, yarışı bitirdim, imanı saxladım. İndi salehlik tacı mənim üçün hazır durur. Adil Hakim olan Rəbb gələcəyi gün onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək. Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın. Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, təbliğ işimi başa çatdırım və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum. Rəbb məni hər cür pislikdən qurtaracaq və Səmavi Səltənəti üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin.

Lk 18, 9-14

Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: “Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi: farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: „Ya Allah, sənə şükürlər olsun ki, mən başqaları kimi acgöz, kələkbaz, zinakar ya da bu vergiyığan kimi deyiləm. Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm“. Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: „Ya Allah! Mən günahkara rəhm et!“ Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə haqq qazanaraq getdi. Çünki öz-özünü ucaldan hər kəs alçaldılacaq, öz-özünü alçaldan isə ucaldılacaq”.