31-ci Rəbb günü Adi dövrdə C ili

Müdriklik kitabından sözlər (Müdriklik 11, 23 -12, 1-2)

Bütün kainat tərəzidə bir toz zərrəciyi, sabah erkən torpağa düşən bir şeh damlası kimidir. Allahım, bütün insanlara mərhəmət edirsən, çünki gücün hər şeyə çatır. İnsanların günahlarına, onlar sənə yaxınlaşsınlar deyə göz yumursan. Var olan hər şeyi sevirsən və əsərlərindən heç birini xor görmürsən. Çünki hər hansı birindən nifrət etsəydin, onu yaratmazdın. Onları istəməsəydin necə əmələ gələrdilər? Əgər onlara həyat bağışlamasaydın necə həyatda qala bilərdilər? Bütün varlıqları qoruyursan, çünki onlar sənindir. Həyatın qaynağı sənsən və əbədi Ruhun hər şeyi canlandırır. Günah edənlərə yavaş-yavaş xəbərdarlıq edirsən, pislikdən əl çəksin və sənə iman etsinlər deyə onlara etdikləri günahları xatırladırsan.

Z 145, 1-2. 8-9. 10-11. 13c-14

Nəqarat: Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm.

Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, isminə sonsuza qədər alqış edəcəyəm. Sənə hər gün alqış edəcəyəm, isminə əbədilik həmd edəcəyəm.

Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir.

Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər.

Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, möminlərin Sənə alqış edəcək.

Padşahlığının əzəmətindən deyəcəklər, qüdrətindən danışacaqlar.

Səltənətin nəsildən-nəslə qədər uzanır.

Rəbb yıxılanların hamısına dayaqdır, qəddi əyilənlərin hamısını qaldırır.

2 Sol 1, 11 – 2, 2

Buna görə sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz dəvətinə layiq görsün, hər yaxşı niyyətinizi və imandan asılı hər əməlinizi Öz qüdrəti ilə həyata keçirsin. Belə ki Allahımızın və Rəbb İsa Məsihin lütfünə görə Rəbbimiz İsanın adı sizdə izzət qazansın və siz də Onda izzət qazanasınız. Rəbbimiz İsa Məsihin zühuruna və bizim Onunla birlikdə olmaq üçün toplaşmağımıza gəlincə, qardaşlar, sizdən xahiş edirik: qoy «Rəbbin günü çatmışdır» deyə iddia edən hər hansı bir ruh, bir söz yaxud guya bizdən gələn bir məktub sizi tez ağıldan çıxarıb təlaşa salmasın.

Lk 19, 1-10

İsa Yerixoya daxil olub oradan keçirdi. Orada vergiyığanların rəisi olan Zakay adlı varlı bir kişi var idi. İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi. İsanı görmək üçün irəliyə qaçıb bir fir’on ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi. İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: “Ay Zakay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam”. O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. Bütün xalq bunu gördükdə deyinərək dedi: “Gedib günahkar bir adamın qonağı oldu!” Zakay isə ayağa qalxıb Rəbbə belə dedi: “Ya Rəbb, var-dövlətimin yarısını kasıblara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dörd qat qaytaracağam”. İsa ona dedi: “Bu gün bu evə qurtuluş gəldi, çünki bu adam da İbrahimin oğludur. Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir”.