32-ci Rəbb günü Adi dövrdə C ili

Makabelərin 2-ci kitabından sözlər (2 Mach 7, 1-2. 9-14)

Padşah Antiyochun dövrdə anaları ilə həbs olunan yeddi qardaş vardı. Padşah, Müqəddəs Qanunla qadağan olunmuş donuz ətini şallaq və işgəncə ilə onlara yedirtmək istədi. Aralarında biri hamısının adından danışaraq belə dedi: “Bizlərdən nə öyrənmək istəyirsən? Atalarımızın qanunlarına qarşı gəlməkdənsə ölməyi seçirik.”

İkinci qardaş, son nəfəsini verərkən belə dedi: “Sən insanlıqdan kənar canavarsan, həyatımıza son verə bilərsən, amma bu dünyanın Padşahı əbədi yaşamaq məqsədi ilə bizi dirildəcək. Çünki onun qanunlarına sadiq qalaraq ölürük.”Ardınca üçüncü qardaşa əzab verməyə başladılar. Dilini və əllərini uzatması üçün əmr edildikdə o, dərhal dilini çıxartdı və ürəkli bir şəkildə əllərini uzadaraq belə dedi: “Bunları Allahdan aldım və Allahın qanunları uğruna onlara əhəmiyyət vermirəm. Allahın bunları mənə yenidən verəcəyini ümid edirəm.” Padşah və ətrafındakılar bu gəncin cəsarətinə təəccübləndilər, çünki əzabları heçə sayırdı. O da öldükdən sonra dördüncüsünə də eyni vəhşi işgəncəni reallaşdırdılar. Can verərkən o da belə dedi: “Biz ən yaxşısını seçdik, insan əli ilə ölürük, ancaq bizi yenidən dirildəcəyi barədə Allahın verdiyi sözə inanırıq. Amma sizlər üçün nə diriliş var, nə də yeni həyat.

Z 17, 1. 5-6. 8+15

Nəqarat: Oyananda Səni görməklə doyacağam.

Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit, yalansız dilimdən çıxan duama qulaq as.

Sənin yolundan möhkəm tutmuşam, sarsılmadan addımlamışam. Səni çağırıram, ey Allah, mənə cavab verərsən, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.

Məni göz bəbəyin kimi qoru, qanadlarının kölgəsində saxla. Mənsə saleh olduğum üçün üzünə baxacağam, oyananda Səni görməklə doyacağam.

2 Sol 2, 16 – 3, 5

Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəm etsin. Nəhayət, qardaşlar, bizim üçün dua edin ki, Rəbbin kəlamı aranızda olduğu kimi sürətlə yayılıb izzət qazansın. Qoy yaramaz və pis adamlardan xilas olaq. Çünki hamı iman etmir. Amma Rəbb etibarlıdır. O sizi möhkəmləndirib şər olandan qoruyacaq. Biz də Rəbbə güvənərək sizdən arxayınıq ki, verdiyimiz əmrlərə əməl edirsiniz və edəcəksiniz. Qoy Rəbb ürəklərinizi Allahın məhəbbətinə və Məsihin dözümünə yönəltsin.

Lk 20, 27-38

Dirilmənin olmadığını iddia edən sadukeylərdən bəzisi İsanın yanına gəlib soruşdu: “Müəllim, Musa bizim üçün belə yazmışdır: „Əgər bir adamın evli qardaşı övladsız ölüb arvadı dul qalsa o biri qardaş bu arvadı alıb ölən qardaşının nəslini davam etdirsin“. Yeddi qardaş var idi. Birinci qardaş bir arvad aldı və övladsız öldü. İkincisi də, üçüncüsü də bu arvadla evləndi. Beləcə yeddisi də övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü. Ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı“.

İsa onlara belə cavab verdi: “Bu dövrün insanları evlənir və ərə gedir. Amma gələcək dövrə yetişməyə və ölülərdən dirilməyə layiq sayılanlar isə nə evlənəcək, nə də ərə gedəcək. Artıq ölə də bilməzlər, çünki mələklərə bənzəyirlər və dirilmə oğulları olduqlarına görə onlar Allahın oğullarıdır. Amma ölülərin dirildiyini Musa da kolla bağlı əhvalatda Rəbbi İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı adlandıraraq göstərib. Allah ölülərin deyil, dirilərin Allahıdır. Çünki Onun yanında hamı diridir”.