33-cü Rəbb günü Adi dövrdə C ili

Malaki 4, 1-2a

Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq. Ancaq adıma hörmət edən sizlər üçün şüalarında şəfa olan salehlik günəşi doğacaq.

Z 98, 5-6. 7-9a. 9bc

Nəqarat: Rəbb həm diriləri, həm də ölüləri hökm edəcək.

Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin!

Kərənay, şeypur səsi ilə, padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin!

Qoy dənizin və dənizdəki canlıların, yer üzü və orada yaşayanların səsi ucalsın.

Onun hüzurunda qoy çaylar əl çalsın, dağlar birgə mədh oxusun!

Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir.

Yer üzünə ədalətlə, xalqlara insafla hökm edəcək!

2 Sol 3, 7-12

Bizlərdən necə nümunə götürmək lazım olduğunu özünüz də bilirsiniz. Çünki yanınızda olarkən avara dolanmadıq, heç kimin çörəyini müftə yemədik. Əksinə, gecə-gündüz zəhmət və əziyyət çəkərək işlədik ki, heç birinizə yük olmayaq. İxtiyarımız çatmadığına görə deyil, əməlimizlə sizə nümunəvi yol göstərmək üçün bunu etdik. Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: işləmək istəməyən yemək də yeməsin. Eşitmişik ki, sizlərdən bəzisi avara gəzib-dolanır; heç bir iş görmədikləri halda hər şeyə qarışırlar. Belələrinə Rəbb İsa Məsih naminə əmr verib xəbərdarlıq edirik ki, sakitcə işləyib öz çörəklərini yesinlər.

Lk 21, 5-19

Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi: “Elə günlər gələcək ki, burada gördüyünüz şeylərdən daş daş üstə qalmayacaq, hər şey yerlə yeksan olacaq”. Ondan soruşdular: “Müəllim, bəs bu dediklərin haçan baş verəcək? Bunlar baş verərkən hansı əlamətlər olacaq?” İsa dedi: “Ehtiyatlı olun, tovlanmayın! Çünki Mənim adımla çox adam gəlib „Mən Oyam“ və „Vaxt yaxınlaşdı“ deyəcək. Onların ardınca düşməyin. Müharibələr və üsyan xəbərləri eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma son tez gəlməyəcək”.

Sonra onlara belə dedi: “Millət millətə, səltənət səltənətə qarşı çıxacaq. Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq. Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi tutacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahlar və valilər qarşısına aparacaqlar. Bu isə Mənim barəmdə şəhadət etmək üçün sizə bir fürsət olacaq. Buna görə nə cavab verəcəyinizi əvvəlcədən düşünməməyi ürəyinizdə qərara alın. Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək. Hətta ata-analarınız, qardaşlarınız, qohumlarınız və dostlarınız sizə xəyanət edəcək və bəzinizi öldürtdürəcək. Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma başınızdan bir tük belə, əskik olmayacaq. Dayanıb dözməklə canlarınızı xilas edəcəksiniz.