34-cü Rəbb günü Adi dövrdə – İsa Məsih, kainatın padşahı C ili

2 Şam 5, 1-3

İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik. Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan». İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.

Z 122, 1-2. 4-5

Nəqarat: Rəbbin evinə sevinclə gedəcəyik.

Gözlərimi dağlara tərəf dikmişəm, haradan mənə kömək gələcək?

Göyləri və yeri yaradan Rəbdən mənə kömək gələcək.

Bax İsraili qoruyan yuxulamaz, yatıb qalmaz.

Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir.

Kol 1, 12-20

Müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Səltənətinə köçürtdü. Oğulda olan qurtuluşa azad olunmaya günahlarımızın bağışlanmasına malikik. Görünməz Allahın surəti və bütün yaradılış üzərində İlk Doğulan Odur. Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilən ilk doğulan Odur. Çünki Allah Onda bütün tamlığı ilə yaşamağa və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.

Lk 23, 35b-43

Başçılar da İsanı ələ salıb deyirdi: “Bu başqalarını qurtarırdı. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də qurtarsın!” Əsgərlər də yaxınlaşıb Onu lağa qoydu. Ona turş şərab təqdim edib belə dedilər: “Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!”

Onun başı üzərində yunan, latın və ibrani hərfləri ilə bir yazı da var idi: BU, YƏHUDİLƏRİN PADŞAHIDIR.

Çarmıxa asılmış cinayətkarlardan biri Onu təhqir edərək deyirdi: “Əgər Sən Məsihsənsə, Özünü də, bizi də qurtar”. O biri cinayətkar isə ona məzəmmət edərək deyirdi: “Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan! Biz öz əməllərimizə görə ədalətlə məhkum olunmuşuq və cəzalanmağa layiqiq. Axı bu Adam heç bir günah etməmişdi”. Sonra İsaya dedi: “Ay İsa, Öz Səltənətinə gələndə məni xatırla!” İsa ona dedi: “Sənə doğrusunu deyirəm ki, bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan”.