1-ci Rəbb günü Advent dövründə A ili

Yeş 2, 1-5

Son günlərdə Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yolunu öyrətsin, biz Onun yolu ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. Millətlər arasında Rəbb hakim olacaq, çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək. Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək. 

Z 122, 1-2. 4-5. 6-7. 8-9

Nəqarat: Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim.

Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim.

Ey Yerusəlim, sənin darvazalarından keçdim, torpağına qədəm qoydum.

İsrail üçün verilən şəhadət naminə qəbilələr, Rəbbin qəbilələri Rəbbin isminə şükür etmək üçün buranı ziyarət etməyə gəlirlər.

Hökm üçün burada taxtlar qurulub, bu taxtlarda Davud sülaləsi oturub.

Hamı Yerusəlim üçün sülh diləsin: «Qoy səni sevənlər dinc həyat sürsün!

Qoy qala divarlarının içində sülh olsun! Qoy saraylarındakılar dinc yaşasın!»

Yoldaşlarıma, dostlarıma görə «Səndə sülh olsun!» deyirəm. Allahımız Rəbbin evinə görə Sənə bəxtiyarlıq diləyirəm.

Rom 13, 11-14a

Zəmanəni, yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır. Gecə keçdi, gündüz isə yaxınlaşdı, buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək. Gün işığında olduğu kimi ləyaqətlə yaşayaq, eyş-işrətə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, münaqişəyə və qısqanclığa qapılmayaq. Əksinə, Rəbb İsa Məsihi geyinin və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.

Mt 24, 37-44

Nuhun günləri necə idisə, Bəşər Oğlunun gəlişi də elə olacaq. Tufandan əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Tufan gəlib hamısını aparana qədər necə bixəbər idilərsə, Bəşər Oğlunun gəlişi də belə olacaq. O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o birisi isə qalacaq. Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o birisi isə qalacaq. Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz. Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.