2-ci Rəbb günü Advent dövründə A ili

Yeş 11, 1-10

Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, kökündən çıxan bir budaq bar verəcək. Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq. O, Rəbb qorxusunda sevinc tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin O, yoxsullara haqq ilə hökm edəcək, yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq.

Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək. O belini salehliklə qurşayacaq, sədaqəti kəmər kimi taxacaq. O gün qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə çəpiş birgə yatacaq, buzov, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq, onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq, onların balaları bir yerdə yatacaq, şir də buğa tək saman yeyəcək. Südəmər körpə əfi ilanın yuvası üstündə oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzənin yuvasına salacaq. Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək, heç bir kəs o birisini məhv etməyəcək, həqiqətən, sular dənizi necə doldurursa, dünya da Rəbbin biliyi ilə elə dolacaq. O gün Yesseyin kökü xalqlara bayraq olacaq, millətlər ona tərəf yönələcək məskunlaşdığı yer izzətlə dolacaq.

Z 72, 1-2. 7-8. 12-13. 17

Nəqarat: Çünki O, imdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri qurtarır.

Ey Allah, padşaha ədalət ver, Şah oğluna salehlik ver.

Qoy Sənin xalqına salehliklə, məzlumlara ədalətlə hakimlik etsin.

Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, göydə ay durduqca qoy firavanlıq artsın.

Dənizdən-dənizə qədər, Fəratdan yerin ucqarlarına qədər səltənət sürsün.

Çünki O, imdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri qurtarır.

Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir.

Qoy padşahın adı əbədi qalsın, günəşin ömrü tək adı var olsun.

Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın!

Rom 15, 4-9

Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun. Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki, hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz. Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin. Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin; beləcə başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər. Necə ki yazılıb: «Buna görə millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm».

Mt 3, 1-12

O günlərdə vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Səltənət yaxınlaşıb». Yeşaya peyğəmbər bu adam barəsində belə demişdi: «Səhrada bir nəfərin nida səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri hamar edin”». Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi. Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. Onlar günahlarını etiraf edir və İordan çayında vəftiz olunurdu. Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? İndi isə tövbəyə layiq bəhrələr verin. Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı məhsul verməyən hər ağac kəsilir və oda atılır. Mən sizi su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq, küləşi isə sönməz odda yandıracaq».