3-cü Rəbb günü Advent dövründə A ili

Yeş 35, 1-6b. 10

Səhra və quru torpaq sevinəcək, çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-cəlalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.

Zəif əllərə qüvvət verin, əsən dizləri möhkəmləndirin.

Ürəklərində qorxanlara deyin: «Cəsarətlənin, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!»

O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək. Rəbbin satın alınmış adamları qayıdacaq, sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, onlar fərəh və şadlıq tapacaq, kədər və qəm-qüssə yox olacaq!

Z 146, 6c-7. 8-9a. 9b-10

Nəqarat: Gəl, ya Rəbb və bizi xilas et!

Rəbb əbədi sadiq qalandır. O, miskinlərə haqq qazandırır, O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir.

Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir, Rəbb salehləri sevir.

Rəbb qəriblərə dayaq olur.

Rəbb yetimi, dul qadını ayağa qaldırır, pislərinsə yollarını dolaşdırır.

Rəbb əbədi hökmranlıq edir, ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin!

Yaq 5, 7-10

Beləliklə, ey qardaşlar, Rəbbin gəlişinə qədər səbirli olun. Görün əkinçi ilk və son yağış yağanacan səbr edərək torpağın qiymətli məhsulunu gözləyir. Siz də səbirli olun, ürəklərinizi möhkəmlədin, çünki Rəbbin gəlişi yaxındır. Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin. Budur, Hakim qapı arxasında durur! Qardaşlar, Rəbbin adi ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi olaraq götürün.

Mt 11, 2-11

Yəhya isə Məsihin etdiklərini zindanda eşidərək şagirdlərini göndərdi ki, Ondan soruşsunlar: «Gəlməli olan Sənsənmi, yoxsa başqasını gözləyək?» İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya danışın. Korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə təbliğ olunur. Mənə görə büdrəməyən nə bəxtiyardır!»

Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır. Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, gördüyünüz adam hətta peyğəmbərlərdən də üstündür. Bu o adamdır ki, onun haqqında yazılmışdır: Budur, Sənin önündə Öz elçimi göndərirəm, “O Sənin önündə yolunu hazırlayacaq”. Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olanı hələ olmayıb. Amma Səmavi Səltənətdə ən kiçik olan ondan üstündür.