4-cü Rəbb günü Advent dövründə A ili

Yeş 7, 10-14

Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm».

Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. 

Z 24, 1-2. 3-4b. 5-6

Nəqarat: Rəbb gəlir, O, əzəmətli Padşahdır.

Rəbbindir yer üzü və orada mövcud olanlar, dünya və orada yaşayanlar.

O, yerin təməlini dənizlər üstündə qurdu, dünyanı sular üzərində yaratdı.

Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər?

əlləri pak, qəlbi təmiz, hiyləyə könül verməyən, yalandan and içməyən insan.

O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq.

Belə adam Rəbbi soraqlar, Yaqubun Allahının üzünü axtarar.

Rom 1, 1-7

İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam! Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu. Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq. Siz də İsa Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. Romada yaşayan, Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan və Rəbb İsa Məsihdən lütf və sülh olsun!

Mt 1, 18-24

İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etməmək üçün gizlicə boşamaq istəyirdi. Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoyacaqsan, çünki O Öz xalqını günahlarından xilas edəcək». Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: «Budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». İmmanuel isə «Allah bizimlədir» deməkdir. Yusif yuxudan oyandı, Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi.