Müqəddəs don Bosko

Əziz bacı-qardaşlarım, bu gün dünyanın hər yerində toplanan imanlılar bizim də etdiyimiz kimi çox xüsusi bir formada Müqəddəs Covanni Boskonun bayramını qeyd edirlər. Çünki Müqəddəs Covanni Bosko bütün dünyada cavanlar üçün ilahi xeyir-duanın vasitəçisi oldu. İki əsr əvvəl anadan olan və yüz ildən əvvəl ölən birini hələ də böyük maraq, heyranlıq və sevgiylə xatırlamağımız sizə qəribə gələ bilər. Ancaq Don Bosko göstərdiyi nümunə və təlimlərdən ilham alan insanlar arasında bu gün hələ də canlıdır. Don Bosko Şimali İtaliyanın Torino şəhərində yaşamışdır. Müəllim, yazıçı və katolik keşişidir. Salezyan təşkilatının yaradıcısıdır.

Tərcümeyi-halında yazdığına görə 9 yaşında olanda gördüyü yuxu onun gələcəyi və gördüyü işlər üzərində böyük təsirləri olmuşdur. Yuxusunda söyüş söyərək oynayan kasıb uşaq izdihamını gördü. Əsilzadələr kimi geyinmiş bir Adam ona göründü və bunları dedi:”Bu dostlarını yumruqla deyil, yumşaqlıq və nəzakətlə qazanmalısan. Ona görə də fəzilətin yaxşı, günahın pis olduğunu onlara göstər”.

Covanni Bosko uşaqlığının ilk illərində çobanlıq etmiş və bir keşişdən ilk dərslərini öyrənmişdir. Bu, onun gələcəkdə keşiş olması üçün ilham qaynağı olmuşdur. Amma kasıblıq təhsil almasına mane olurdu. Keşişlik sadəcə imtiyazlı bir təbəqənin edə biləcəyi bir sənət hesab edilirdi.

1827-ci ilin fevral ayında, soyuq bir qış günü hələ 12 yaşında olan zaman evdən çıxıb gedərək fermalarda iş axtardı. Bir müddət iş tapa bilmədi və nəhayət, Luigi Mogliyaya aid olan bir fermada özünə iş tapdı. 1830-cu ildə Cüzeppe Kafasso adlı bir keşiş onda olan qabiliyyəti gördü və ilk təhsili üçün ona kömək etdi. 1835-ci ildə Kieridə keşiş məktəbinə daxil oldu. 6 illik təhsilindən sonra Torino baş yepiskopu Fransoni tərəfindən keşiş təyin olundu. Markiz Giulia di Barolo tərəfindən Torinoda açılmış internat qız məktəbində müəllim olaraq işə qəbul olundu. Eyni zamanda həbsxanalarda və kənd yerlərində vəz verirdi. Sənayeləşmənin və şəhər əhalisinin artmasının təsirlərini əks etdirən Torinonun əhalisi o illərdə 117 min idi. Don Bosko həbsxanaları ziyarət edərkən buradakıların əksəriyyətinin 1218 yaş arası uşaqlardan olduğunu görürdü və bu, onu narahat edirdi. O uşaqların həbsxanaya düşməsinə mane olmağa qəti qərar verdi. Köçə və əhalinin artımına görə ənənəvi kilsə təlimi təsir etmirdi. Buna görə də başqa bir metodu təcrübə etməyə qərar verdi. Uşaqların işlədiyi iş yerlərinə, dükanlara, bazar yerlərinə və toplandıqları yerlərə gedərək orada vəz verdi. Bu uşaqlar uzaq yerlərdən gələn bənna şagirdləri, suvaqçılar, daş işçiləri və yol işçiləri idilər. Yaratdığı dua evi sadəcə bazar günləri açıq olmurdu. Don Bosko bütün vaxtını buraya həsr etmişdi. İşsizlərə iş, evsizlərə ev tapa bilmək üçün çalışırdı. Uşaqlardan bəzilərinin yatmağa yeri yox idi. Onlar ümumi mehmanxanalarda və yaxud da körpünün altında yatırdılar. İki dəfə o uşaqları evinə gətirdi. Birincisində uşaqlar evindəki ədyalları oğurladılar. İkincisində isə samanları da apardılar, amma yenə də qorxmadı.

1845-ci ildə Valdokko şəhərində oğlan uşaqları üçün gecə məktəbi yaratdı. 1847-ci ildə Valdokko şəhərində anasıyla birgə yaşadıqları üç otaqlı evin bir otağına bir uşağı yerləşdirdi. Anasıyla birgə yetimləri evə almağa başladılar. 5 il ərzində Don Boskonun evində yaşayan uşaqların sayı 36-ya çıxdı. Altıncı ildə bu sayı 115-ə çıxdı. 1861-ci ildə isə 600 yetim uşağa baxırdı. Bir müddət sonra sayları 800-ə çıxdı.

Don Bosko və dua evi şəhərin müxtəlif yerlərinə köçdü. Çox yerdən qovuldular. Müqəddəs Martin kilsəsində yaşadığı iki ay ərzində məhəllədə yaşayan insanlar oynayan uşaqların səs-küyündən narahat oldular və bələdiyyəyə şikayət etdilər. Don Boskonun uşaqlarla etdiyi toplantıların təhlükəli olduğu, hökumətə qarşı üsyan etdikləri barədə şayiələr yayıldı. Buna görə də oradan da qovuldular. Don Bosko sonrakı illərdə açdığı məktəblərin sayını artırmağa başladı.

Don Boskonun dostlarından biri olan Ədliyyə naziri Urbano Rattazzi kilsəyə qarşı olmasına baxmayaraq, Don Boskonun gördüyü işləri yaxşı qiymətləndirirdi. Buna görə də Don Boskoya qanundakı bir maddədən istifadə etməsini tövsiyə etdi. Əgər Don Boskonun yaratdığı dini cəmiyyət papa tərəfindən tanınan bir təriqət olsaydı, o zaman mülklərinə əl qoyulmasının qarşısı alınacaq və işlər öz ölümündən sonra da davam edə biləcəkdi. Don Bosko özü də bu mövzu barəsində fikirləşirdi və köməkçilərini Fransua de Salez cəmiyyəti olaraq təşkilatlandırmışdı.

1857-ci ildə köməkçiləri üçün bir sıra həyat qanunları qoydu. Bu qanunlar Fransua de Salez cəmiyyətinin qanunları oldu və 1873-cü ildə Papa X Piy tərəfindən təsdiqləndi. Beləliklə, Müqəddəs Fransua de Salez təriqəti rəsmi formada tanındı.

Don Bosko 31 yanvar 1888-ci ildə vəfat etdi. Dəfn mərasimində minlərlə insan iştirak etdi. 1 aprel 1934-cü il Papa X Piy tərəfindən müqəddəs elan edildi.

Don Bosko vəzifəsinin ilk illərindən etibarən həm müqəddəs bir adam və həm də möcüzələr göstərən bir müqəddəs olaraq qiymətləndirildi. Buna görə də ətrafındakı insanlar onun etdiklərini və sözlərini hər zaman qeyd etmişdilər. Bunlar 77 dəftər olaraq yığılmışdı. Buna əlavə olaraq Don Boskonun xatirələri və vəzləri də əlavə olunmuşdu. Bunlar 19 cildlik bir külliyat təşkil edir.

Don Bosko bütün həyatını küçə uşaqlarına, gənc təqsirkarlara və kasıb uşaqlara təhsil verə bilmək və islah edə bilmək üçün həsr etmişdir. Cəza yerinə sevgi və nəzakəti əsas götürən salezyan təhsil metodunu yaratmışdır. Don Bosko Müqəddəs Fransua de Salesin təlimlərini mənimsəmiş və yaratdığı Salezyan cəmiyyətinə həmin müqəddəsin adını vermişdir. Bütün həyatı ərzində cavanları sevinc və fəzilət içərisində saxlayaraq onları yaxşı məsihçi və yaxşı vətəndaş kimi tərbiyə etməyə səy göstərmişdir. Don Bosko Rəbbə sədaqətlə xidmət edə bilmək üçün Müqəddəs Ruhun hərəkətlərinə uyğun tərzdə bir həyat yaşamışdır. Don Bosko xüsusi qabiliyyətləri olan seçilmiş cavanlar üçün bir təcrübə yaşamadı. Bütün cavanlar oratoriyaya daxil ola bilərdilər və vəziyyətləri necə olursa olsun, məsihçi həyat tərzini və Müqəddəs Ruhdakı sevinci orada təcrübə edə bilərdilər. Don Bosko bütün cavanların ruhani olaraq böyümələri üçün bir təhsil planı hazırladı və onlara məsihçi həyatının sevincini, səmimiliyini, nurunu hiss etdirdi. Oratoriyada sadəcə bir peşə və vətəndaşlıq vəzifələri öyrədilmirdi. İnsanı təhsilli vəziyyətə gətirən ruhani nə varsa, onlar da öyrədilirdi.

Salezyanların dünyadakı varlığından və kilsədəki vəzifələrimizdən də bəhs etmək istəyərdim. Ancaq ən əhəmiyyətli mövzu Don Boskonun bizim üçün kim olduğunu, onu tanımağın nə demək olduğunu və cavanların həyatımızın missiyası, vəzifəsi olması üçün ona necə oxşamağa çalışa biləcəyimizi fikirləşməyimizdir. Hər kəsin ailəsi fərqlidir və hər kəsin fərqli bir hekayəsi, şəxsiyyəti, həyatı və işi var. Bu fərqli hekayələrimiz həyatımızın hər anında, uşaqlığımızdan qocalığımıza kimi davam edir. Bu, bir-birini sevən və həyatlarını nigahla birləşdirən iki insana da aiddir. Nigah bağlayan insanlar öz hekayələrini ailələrinə aparar, təzə sevgi hekayəsi yaradar və uşaqlar dünyaya gətirərlər. Bu, bizə salezyanlara da aiddir. Hər birimizin fərqli bir ailə hekayəsi, fərqli bir mədəniyyəti var. Amma bir gün Allahın Məsihdəki çağırışını eşidərək bunu Don Boskonun cavanları üçün hiss etdiyi həvəslə izləməyə qərar verdik. Məktəb illərində, ən az 12 yaşından etibarən hekayəmizin qurucumuzun hekayəsiylə eyni olmasını istədik. Onun həyatını oxuduq, sevgiylə bağlandıq və ona oxşamaq istədik. Beləcə, illər içərisində cavanlar üçün, xüsusilə də kasıb olanlar üçün qəlbimizdəki həvəs böyüdü. Don Boskonun həyatı bizim həyatımıza çevrildi.

Don Boskonun sözlərini təkrarlayaq:”Onlar üçün işləyirik, onlar üçün yaşayırıq, onlar üçün dua edirik və onlar üçün həyatımızı verməyə hazırıq”.

Salezyanlar və salezyan ailəsi olaraq ətrafımıza baxıb Don Boskonun bu gün bizdən nə istədiyini görməyimiz doğru olardı. Biz də ona oxşamağa çalışırıq, cavanlar üçün eyni həvəsi daşıyırıq. Onları Məsihə apara bilmək, həqiqət və sevginin gözəlliyində böyümələri üçün səy göstərin. Daha ədalətli, sülh dolu, kilsənin ləyaqətlərini tanıyan bir dünyanın yaranması üçün səy göstərin. Bu dünyanın ehtiyaclarına qarşı məsuliyyət hiss edən cavanlar olmaları üçün daha çox işləməyimizin lazım olduğunu gizlətmirik. Bütün cavanların kilsə içərisində Rəbbi sevmələrini və bunun üçün səy göstərmələrini ürəkdən arzu edirik. Don Boskodan aldığımız ilhamla burada olan salezyanlar olaraq çoxlu fərqliliyi olan kilsəmizə xidmət etməyə çalışırıq.

Don Bosko üçün cavanların rəngi və milliyəti yoxdur. Cavan cavandır. Biz buradakı fərqli mədəniyyətlərdən və məzhəblərdən bir gənclik mozaikası yaradırıq. Hamımız Rəbbə tək bir mədh ilahisi təqdim etmək üçün dəvət olunuruq. Bütün salezyan ailəsi olaraq Don Boskonun arxasınca gedir və vəzifəmizə sədaqətli olmağa çalışaraq cavanları həyatımızın həvəsi və vəzifəsi olaraq qəbul edirik.

Don Boskonun ilk şagirdlərindən üçünü yada salaq. Dominik Savio sadəcə 15 il yaşaya bilmişdi. Kilsə onu müqəddəs elan etdi və bütün cavanların qabağına bir müqəddəslik nümunəsi olaraq qoydu.

Michele Rua Don Boskoyla birgə böyüdü və onun ilk davamçısı oldu. Don Rua Don Boskonun yaratdığı əsəri böyük formada inkişaf etdirdi.

Michele Ruanın dostu Covanni Cagliero Don Bosko tərəfindən Argentinaya ilk göndərilən salezyan qrupunun başçısı idi. Əvvəlcə yepiskop, sonra isə kardinal oldu. Onlar kimi indi də Don Boskonun himayəsində və onun yaratdığı təhsil sistemiylə böyüyən bir çox cavan xoş vaxt keçirərək, dua edərək və təhsil alaraq müqəddəslik yolunda gedir.

Rəbb Don Boskonun əsərinə xeyir-dua versin və Don Bosko hamımıza cənnətə gedən yolda müşayiət etsin. Amin!