İSA MƏSİHİN MƏBƏDDƏ TƏQDİM EDİLMƏSİ

Məlaki 3, 1-4

«Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz əhd elçisi gələcək» deyir Ordular Rəbbi.

«Ancaq onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki o, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək.

Z 24, 7. 8. 9. 10

Nəqarat: Müqəddəs məskəninə gəl, ya Rəbb!

Ey darvazalar, başlarınızı qaldırın, ey qədim qapılar, açılın, əzəmətli Padşah içəri daxil olsun!

Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, döyüşdə qüvvətli Rəbb.

Ey darvazalar, başlarınızı qaldırın, ey qədim qapılar, açılın, əzəmətli Padşah içəri daxil olsun!

Bu əzəmətli Padşah kimdir? – Ordular Rəbbi, Odur əzəmətli Padşah!

İbr 2, 14-18

Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə, İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin. Şübhəsiz O, mələklərə deyil, İbrahim nəslinə yardım edir. Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi. Elə ki, Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin. Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.

Lk 2, 22-40

Musanın Qanununa görə paklanma dövrü tamamlanandan sonra Yusiflə Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər, necə ki Rəbbin Qanununda yazılmışdır: “Bətndən ilk doğulan bütün oğlanlar Rəbbə təqdis olmalıdır”. Həmçinin onlar qurban təqdim etdi, necə ki Rəbbin Qanununda əmr olunmuşdur: “İki qumru quşu yaxud iki göyərçin balası”.

O vaxt Yerusəlimdə Şimon adlı bir adam var idi. O, saleh və mömin idi. İsrailə təsəlli veriləcəyini gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi. Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini görməyincə ölməyəcək. Beləliklə, Şimon Ruhdan ilham alıb məbədə gəldi. Körpənin ata-anası Qanunda yazıldığına əməl etmək üçün Körpə İsanı məbədə gətirəndə Şimon Körpəni qucağına götürdü və Allaha həmd edərək belə dedi: “Ey Pərvərdigar, indi Sənin sözünə görə mən, Sənin qulun arxayın ölə bilərəm. Çünki bütün xalqların gözləri önündə hazırladığın xilasını, millətlərə aşkar edən nuru, xalqın İsrail üçün izzəti öz gözlərimlə gördüm”. Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi. Şimon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: “Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı olacaq. O, Allahdan gələn bir əlamət kimi olacaq və insanlar Onu rədd edəcək. Sənin köksünə isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün olacaq”.

Orada Aşer qəbiləsindən olan Penuel qızı Anna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı. Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi. Anna da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin qurtuluşunu gözləyən bütün adamlara Körpə İsa barədə nəql etməyə başladı.

Onlar Rəbbin Qanununa əsasən hər şeyi icra etdikdən sonra Qalileyaya, öz şəhərləri olan Nazaretə qayıtdı. Uşaq böyüyür, ruhda qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü isə Onun üzərində idi.