İsa Məsihin bədəni və qanı A ili

Qan Tək 8, 2-3. 14b-16a

Musa xalqa dedi: Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar. Diqqət edin ki, sizi Misir torpağından – köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız. Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı. Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı. Xoş güzəranınız olsun deyə təkəbbürünüzü qıraraq sizi sınaqdan keçirdi.

Z 147, 12-13. 14-15. 19-20

N: Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et!

Ey Yerusəlim, Rəbbi mədh et! *

Ey Sion, Allahına həmd et!

Çünki darvazalarının cəftələrini bərkidər, *

sənin əhalinə bərəkət verər. N:

Sərhədinə əmin-amanlıq, *

sənə doyunca əla taxıl yetirər.

Kəlamını yer üzünə yollar, *

Onun sözü tez yayılar. N:

O, Yaqub nəslinə sözlərini, *

İsraillilərə qanun və hökmlərini bildirir.

Başqa millətlər üçün belə etməyib, *

heç birinə hökmlərini bildirməyib. N:

1Kor 10, 16-17

Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi bölüb yeyirik.

Yəh 6, 51-58

Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir. Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər. Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir. Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq. Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq.