18-ci Rəbb günü Adi dövrdə “A”ili

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 55, 1-3)

Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz-parasız alın! Nə üçün pulunuzu çörək olmayan şeylərə, qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız. Qulaq asın, Mənim yanıma gəlin, dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm.

Z 145, 8-9, 15-18

Nəqarat: Rəbbim, açarsan əlini, doyuzdurursan sevdiyin bütün yaşayanları.

Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir. Rəbb hamıya xeyirxahlıq edər, yaratdıqlarının hər birinə mərhəmət göstərər.

Ya Rəbb, hamının gözü Sənə baxır, vaxtlı-vaxtında onlara azuqə verirsən. Əlini açırsan, bütün canlıları doyunca yedirirsən.

Rəbb bütün yollarında adildir, hər işində sadiqdir. Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.

Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 8, 35. 37-39)

Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? Lakin bizi Sevənin vasitəsilə bütün bunlara üstün gəlib qalib oluruq. Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Allahın Rəbbimiz Məsih İsada olan məhəbbətindən ayırmağa qadir olmayacaq.

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 14, 13-21)

İsa bunu eşidib təkbaşına tənha bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi. İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrini sağaltdı. Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Qoy camaat gedib kəndlərdən özlərinə yemək alsın». Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur». İsa «onları buraya, Mənə gətirin» dedi. Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladı. Hamı yeyib-doydu və qalan tikələrdən on iki dolu zənbil yığdılar. Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi.