MÜQƏDDƏS AİLƏNİN BAYRAMI A ili

 

Siraq kitabından sözlər (Siraq 3, 2-6, 12-14)

Allah uşaqların atalarına hörmət göstərənlərini və analarının sözlərinə baxmaqlarını əmr eləmişdir. Atasına hörmət göstərənlərin günahları bağışlanacaq, anasını sevən də bir xəzinə yığmış kimi olacaqdır. Atasına hörmət göstərən öz uşaqları ilə xöşbəxt olacaq və dualarının qəbul edildiyini görəcəkdir. Atasına hörmət göstərən uzun günlər görəcəkdir. Anasını sayan və sevən, Allaha da hörmət və sevgi göstərmiş olacaqdır. Oğlum, atana qocalığında dəstək ol və yaşadığı sırada, ona kədər vermə. Şüürunu itirsə belə, onunla mərhəmətli ol. Sən sağlam və güclükən, onu kiçiltmə. Ona göstərmiş olduğun sevgi unudulmayacaq və günahlarının bağışlanmasında kömək olacaqdır.

 

Z 128, 1-5

Nəqarat: Nə bəxtiyardır Rəbbdən qorxanlar!

 

Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!

Çünki öz əlinin bəhrəsini yeyəcəksən, xoşbəxt olub uğur qazanacaqsan.

 

Evində arvadın tənək kimi bar gətirəcək,

Övladların zeytun pöhrələri kimi süfrənin ətrafını bürüyəcək.

 

Rəbdən qorxan insan belə xeyir-dua alacaq:

Rəbb Siondan sənə xeyir-dua versin, ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən.

 

Müqəddəs Pavelin Koloslulara məktubundan sözlər (Kol 3, 12-21)

 

Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbri əyninizə geyinin. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. Bütün bunlardan əlavə kamil birliyin bağı olan məhəbbəti geyinin. Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun! Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin. Ey qadınlar, Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun. Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın. Ey övladlar, hər işdə ata-ananiza itaət edin, çünki bu, Rəbbi razı salır. Ey atalar, övladlarınızı incitməyin, yoxsa cəsarətləri qırılar.

 

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 2, 13-15, 19-23)

 

Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod körpəni öldürmək üçün axtarmaq istəyir». Beləliklə, Yusif qalxdı, həmin gecə körpə ilə anasını götürüb Misirə qaçdı. Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Oğlumu Misirdən çağırdım». Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb dedi: «Qalx! Körpə ilə anasını götür, İsrailə qayıt. Çünki Körpəni öldürmək istəyənlər öldü». Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrailə qayıtdı. Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. Gəlib Nazaret deyilən şəhərə yerləşdi. Peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə belə oldu.