YAĞLARIN TƏQDİS EDİLMƏSİ MESSASI – “MISSA CHRISMATIS 2025”
16 aprel, Müqəddəs Çərşənbə günü paytaxtın baş katolik kilsəsi olan Müqəddəs Məryəm kilsəsində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri Yağların Təqdis Edilməsi Messasına başçılıq edib.
Bu Messa ildə bir dəfə, Müqəddəs Həftədə, xüsusi ayinlə və təntənə ilə keçirilir
Keşişlərin və imanlıların yepiskopları ilə birliyinin rəmzi olaraq, ibadət zamanı yepiskop Vladimir həzrətlərini Azərbaycanda Apostol Prefekturasının bütün ruhaniləri müşayiət ediblər.
Həmçinin, həmin gün, qədim katolik ənənəsinə görə, Yerli Kilsənin keşişləri öz yepiskopunun və bütün imanlıların qarşısında keşişlik andlarını yenilədilər.
Yepiskop Vladimir Fekete keşişlərə və ibadətdə iştirak edən imanlılara moizə ilə müraciət etdi.
“İmanlılar öz keşişlərindən nə gözləyirlər? Hər şeydən əvvəl, onlar gözləyirlər ki, keşiş öz sözü və həyat nümunəsi ilə onları Allaha tərəf aparsın. İmanlılar keşişin münasibəti və davranışında, ilk növbədə, səbirli və mərhəmətli Allahın Simasını görmək istəyirlər. Vəhy Kitabının başlanğıcı bizə bəlkə də heç vaxt üzərində doğru-düzgün düşünmədiyimiz bir həqiqəti açıqlayır: sən bilirsən ki, biz hamımız keşişik? Hətta birbaşa xidməti ruhaniliyə çağırılmayanlar da İsa Məsihin əbədi keşişliyində iştirak edirlər: vəftizin imtiyazı ilə xristianlar keşişlər xalqını təşkil edirlər. Bu o deməkdir ki, bütün dünyaya səpələnmiş Kilsə övladları ümumi keşişliklərini İsaya və yaxınlarına iman və məhəbbətin şahidi olaraq həyata keçirirlər. Buna görə də, biz bu ləyaqətə çox ciddi yanaşmalıyıq ki, başqaları ümumi keşişliklərini həyata keçirmək üçün bizdə bir nümunə görsünlər.” – deyə, yepiskop Vladimir Fekete öz moizəsində qeyd edib.
















