QARABAĞ ŞƏHİDLƏRİNƏ HƏSR EDİLMİŞ AYİNLƏR
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə dekabrın 4-də saat 12.30-da Azərbaycanın əsas məscidlərində işğal olunmuş torpaqların azad edilməsi uğrunda aparılan Vətən Müharibəsi şəhidlərinin və qurbanlarının anım mərasimi təşkil edildi. Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyası, Alban-udi xristian icması, eləcə də Azərbaycandakı dağ və Avropa yəhudi icmaları öz kilsələrində və sinaqoqlarında bu dualara qatıldılar.
Uzun müddət davam edən koronavirusa qarşı karantin tədbirləri səbəbindən ibadətlər yalnız 10 nəfərin iştirakı ilə həyata keçirildi. Digər möminlər bu dualara məbədləri və ibadətgahları ziyarət etmədən yalnız ruhani şəkildə qoşuldular.
Azərbaycanın Apostol prefekti, yepiskop Vladimir Fekete, Bakıda Məryəm Ana katolik kilsəsində anım mərasiminə rəhbərlik etdi. Öz müraciətində o vurğuladı ki, Katolik Kilsəsi Qarabağın azad olunması uğrunda döyüşlər zamanı şəhid olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir. Yepiskop Vladimir Fekete öz mənəvi yaxınlığını və dəstəyini yalnız şəhid olanlara deyil eləcə də onların ailələrinə və bütün Azərbaycan xalqına ifadə edib.
Qoy Rəbb Allah şəhidlərə rəhmət etsin və onları Öz Səltənətinə qəbul etsin!

