KATOLİK KİLSƏSİNİN AZƏRBAYCANDA APOSTOL PREFEKTURASI

“Apostol Prefekturası” nədir?

Apostol Prefekturası (lat. Praefectura Apostolica) –  Roma Katolik Kilsəsində yeparxiyaya bərabər hesab edilən ərazi vahididir. Sözügedən müvəqqəti struktur sui iuris (“özəl hüquqlu”) statusuna malikdir və öz fəaliyyətini yeparxiya hüquqları və səlahiyyətlərinə əsaslanaraq həyata keçirir. Apostol Prefekturasının rəhbəri (ordinarisi) təyin edildiyi andan Apostol prefekti adlandırılır.

Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol prefekti Munisipin titulyar yepiskopu, Vladimir Fekete həzrətləridir.

Azərbaycanın Apostol prefekturasının gerbinə dair açıqlama

 

Azərbaycanın Apostol Prefekturasının gerbi üzərində üç alov dili olan göy rəngli qalxan ilə təsvir edilmişdir. Məşəllər həm Bakının elementinə (şəhərin gerbinin üzərində Odlar Yurdunun rəmzi olan üç məşəl yer alır), həmçinin Allahın məhəbbətinin atəşi – Müqəddəs Ruhun simvoluna istinad edirlər.

Gerbin üzərindəki kitab Bibliyanı (“Əhdi-ətiq” və “Əhdi-cədid”) ifadə edir. Kitabın səhifələrindəki yunan əlifbasının ilk və son hərfləri – “alfa” və “omega” İsa Məsihin İlahi təbiətini simvolizə edir (Vəhy 1:8 – “Alfa və Omeqa Mənəm”).

Katolik Kilsəsi ənənəsində göy rəng Müqəddəs Məryəm ilə bağlıdır, gerbin üzərindəki dalğalar isə Xəzər Dənizini ifadə edir.