06 İYUN 2021-Cİ İL, MƏSİHİN ALİ-MÜQƏDDƏS BƏDƏNİ VƏ QANI BAYRAMI GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftənin liturgiya kalendarı
09 iyun, çərşənbə – diakon və Kilsə müəllimi, müqəddəs Süryani Əfrəm, xatirə günü
11 iyun, cümə, İSANIN ALİ-MÜQƏDDƏS ÜRƏYİ BAYRAMI
12 iyun, şənbə, Fövqələqdəs Bakirə Məryəmin Pak Ürəyi, xatirə günü
13 iyun, bazar günü, ADİ DÖVRÜN XI RƏBB GÜNÜ
Apostol Prefekturasının elanları
10 iyun 2021-cil tarixindən kilsələrin ictimai ibadətlər üçün açılması haqqında məlumat.
Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın qərarına əsasən, 10 iyun 2021-ci il tarixindən ölkəmizdə il yarıma yaxın müddətdə qüvvədə olan ictimai ibadətlərin və dini yığıncaqların təşkil etmə qadağası götürülür.
Lakin pandemiyanın hələ də davam etməsini nəzərə alaraq ibadət və dini yığıncaqların təşkili zamanı bir sıra şərtləri nəzərə almaq lazımdır.
NK yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara əsaslanaraq, Azərbaycanda Katolik Kilsəsinin prefekti, Vladimir Fekete həzrətləri müfafiq sərəncam imzalayıb (sərəncamın mətni ilə burada tanış ola bilərsiniz -link-).
Sərəncamla bağlı suallarınız olduqda keşişlərə müraciət etməyiniz xahiş olunur.
Biz hamımız bu təhlükəli infeksiyaya qalib gəlmək istəyirik və ümid edirik ki Allahın köməkliyi ilə, dualarımız ilə, nizamlı davranışımız və təmkinli münasibətimiz ilə koronavirusun yaratdığı bütün çətinliklərin öhdəsindən qısa bir zamanda gələcəyik.
Vaksinasiya ilə bağlı bəndə xüsusi diqqət yetirməyinizi istərdik. Belə ki, peyvəndin hər iki dozunu aldığınızı təsdiqləyən COVID-19 pasportu təqdim etmədən ictimai ibadətlərdə iştirakınız məhdudlaşdırılacaqdır. Bütün imanlıları məsuliyyətli və şüurlu olmağa çağırırıq və peyvənd almaqla hər hansı problem yarandığı halda kömək göstərməyə hazır olduğumuzu bəyan edirik.
İbadətlərin cədvəli ilə kilsələrimizdə tanış ola bilərsiniz.
Bakı şəhərində iki prixodun təsis edilməsi barədə
Azərbaycanın Katolik Kilsəsində həm Salezian ordeninin rahib-keşişlərinin, həm də yeparxial keşişlərin fəaliyyət göstərməsi ilə əlaqədar bizim Yerli Kilsəmizin strukturunda vacib dəyişikliklərin edilməsinə zəruriyyət yaranmışdır.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti, Vladimir Fekete həzrlətlərinin qərarına əsasən, 1 iyun 2021-ci tarixindən Bakı şəhərində iki prixod təsis edilir: Fövqələqdəs Bakirə Məryəm prixodu (Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsi, 6) və müqəddəs II İoann Pavel prixodu (Bakı Şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 69 b/1). Fövqələqdəs Bakirə Məryəm prixoduna salezian qardaşları cavabdehlik edəcək. Prixodun administratoru ata Selva Kumar Kamal Kannan (SDB) təyin olunur. II İoann Pavel prixodunun baş keşişi ata Behbud David Mustafayev təyin olunur.
Hər iki baş keşişə fəaliyyətlərində Allahdan kömək və xeyir-dua diləyirik ki, onlara tapşırılan Kilsə evladlarına məhəbbət və müdrikliklə qayğı göstərsinlər.