1-ci Rəbb günü Advent dövründə “B ili”
Yeş 63, 16d-17. 19de; 64, 3-8 

Atamız Sənsən, ya Rəbb, əzəldən bəri adın «Bizi Satınalan»dır. Nə üçün, ya Rəbb, bizi yolundan azdırırsan, Səndən qorxmayaq deyə qəlblərimizi inadkar edirsən? Qullarının xatirinə, irsin olan qəbilələrinin xatirinə geri dön. Əzəldən bəri heç vaxt Hakimlik etmədiyin xalqa bənzədik, sanki Sənin adına bağlı xalq olmamışıq. Sən gözləmədiyimiz əzəmətli işlər edəndə endin yer üzünə, dağlar önündə sarsıldı. Ona etibar edənlər üçün belə işlər edən Allahı, əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib. Saleh işlərə sevinclə əməl edənləri, Sənin yolunla gedib Səni xatırlayanları Sən qarşılayırsan.
Amma biz günaha batdıq, Sən qəzəbləndin. Beləcə xeyli vaxt yaşadıq, bəs biz necə xilas ola bilərik? Hamımız elə bil ki murdarlandıq, bütün saleh əməllərimiz murdar əskiyə bənzər. Hamımız yarpaq kimi soluruq, şər əməllərimiz bizi külək tək sovurub-aparır. Sənin adını çəkən yoxdur, Sənə bağlanmaq üçün can atan yoxdur. Çünki bizdən üz döndərdin, şər əməllərimizə görə bizi yox etdin. Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik.
Z 80, 1a-2. 14-15. 18-19
Nəqarat: Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
Ey İsrailin Çobanı, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç! Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
Ey Ordular Allahı, dön, göydən bax, bu tənəyi gör, qayğısına qal. Axı bu fidanı sağ əlinlə əkmisən, kökünə qüvvət vermisən.
Sənin əlin, sağ əlin Öz seçdiyin adamı – Qüvvət verdiyin bəşər oğlunu qorusun. Qoy Səndən dönüb ayrılmayaq, bizi elə yaşat ki, ismini çağıraq.
1 Kor 1, 3-9
Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun. Allahın Məsih İsa vasitəsilə sizə bəxş etdiyi lütfə görə sizin üçün həmişə Allahıma şükür edirəm. Çünki siz Məsihin vasitəsilə hər cəhətdən, hər cür sözdə və bilikdə zənginləşmisiniz. Buna görə Məsih haqqındakı şəhadətimiz sizdə təsdiqləndi. Bu səbəbdən siz Rəbbimiz İsa Məsihin zühurunu gözləyərək ruhani ənamdan heç bir korluq çəkmirsiniz. Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək. Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir.
Mk 13, 33-37
Ehtiyatlı olun, oyaq olun, dua edin. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. Bu, səyahətə çıxan bir adamın vəziyyətinə bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun. Ona görə də, oyaq olun. Çünki ev sahibinin nə vaxt, axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz. Qoy o qəfil gəlib sizi yatan görməsin. Sizə söylədiklərimi hamıya deyirəm: Oyaq olun!