1-ci Rəbb günü Oruc dövründə C ili
Qanunun Təkrarı 26, 4-10
Kahin əlinizdən səbəti alıb onu Allahınız Rəbbin qurbangahı önündə yerə qoysun.
Allahınız Rəbbin önündə bunu bəyan edin: “Atam köçəri Aramlı idi. Azsaylı olaraq Misirə enib orada məskunlaşdı və ondan böyük, güclü, çoxsaylı millət törədi. Misirlilər bizimlə pis rəftar etdilər. Bizi zəlil edib üzərimizə ağır işlər yüklədilər. Onda atalarımızın Allahı Rəbbə fəryad qopardıq və Rəbb səsimizi eşitdi. əzabımızı, əziyyətimizi və zəlalətimizi gördü. Rəbb qüvvətli əli, uzanan qolu, böyük zəhmi, əlamət və mö’cüzələri ilə bizi Misirdən çıxartdı. O bizi bu yerə gətirərək süd və bal axan bu torpağı bizə verdi. İndi, ya Rəbb, mənə verdiyin torpağın məhsulunun nübarını Sənə gətirmişəm”. Sonra səbəti Allahınız Rəbbin önünə qoyub Onun qarşısında səcdə edin.
Zəbur 91, 1. 2. 6. 11-15
Nəqarat: Ya Rəbb, sınaq günümdə mənimlə ol.
Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan
Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm».
Şərə düçar olmazsan, bəla çadırından uzaq qaçar.
Allah sənə görə mələklərinə əmr edər ki, gedəcəyin hər yerdə səni qorusun.
Səni əlləri üstündə aparar, ayağına bir daş dəyməyə qoymaz.
Şiri, gürzəni ayaqlayarsan, gənc aslanı, əfi ilanı tapdalayarsan.
Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, ismimi tanıdığına görə onu yüksəldəcəyəm.
Məni çağırarkən ona cavab verəcəyəm, dar günündə ona yar olacağam, onu xilas edib şərəfə-şana çatdıracağam.
Romalılara məktub 10, 8-13
Bəs nə deyilir? «Kəlam – yəni vəz etdiyimiz iman kəlamı – sənə yaxındır, sənin ağzında və sənin ürəyindədir.» Çünki əgər sən ağzınla «İsa Rəbbdir», – deyə iqrar etsən və Allahın Onu ölülərdən diriltdiyinə ürəyinlə inansan xilas olacaqsan; ona görə ki, insan ürəkdən iman edərək bəraət qazanır, imanını ağzı ilə iqrar edərək də xilas olunur. Çünki Müqəddəs Yazı deyir: «Ona iman edən heç kimsə utandırılmayacaqdır.» Burada yəhudi ilə yunan arasında fərq yoxdur. Çünki hamısının Rəbbi birdir, Onu çağıranların hamısına qarşı əliaçıqdır. Çünki: «Hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır.»
Lukanın müjdəsi 4, 1-13
İSA, Müqəddəs Ruhla dolu, İordandan qayıtdı və Ruh tərəfindən səhraya aparıldı. O, qırx gün iblis tərəfindən imtahan olundu, bu günlərdə bir şey yemədi; və o günlər keçdikdən sonra, axırda acdı. İblis Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, əmr et ki, bu daş çörəyə dönsün.»
İsa ona cavabında dedi: «Yazılmışdır ki, “İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın hər sözü ilə yaşar.”» Və iblis Onu çox yüksək bir dağın başına çıxararaq, bir an içində dünyanın bütün ölkələrini Ona göstərdi. Və iblis Ona dedi: «Bütün bu ölkələr üzərində hakimiyyəti və onların şan-şöhrətini Sənə verəcəyəm; çünki bu mənə verilmişdir və mən kimə istəsəm, ona verirəm;
Beləliklə, əgər Sən mənə səcdə etsən, bunların hamısı Sənin olacaqdır.» İsa cavabında ona dedi: «Rədd ol, şeytan! Çünki yazılmışdır: “Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et.”»
İblis Onu Yerusəlimə gətirdi və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü buradan aşağı at; çünki yazılmışdır: “O, Sənin haqqında Öz mələklərinə əmr edəcək ki, Səni hifz etsinlər”, və: “Ayağın bir daşa ilişməsin deyə, Səni əlləri üzərində aparacaqlar.”»
İsa cavabında ona dedi: «Deyilmişdir: “Allahın olan Rəbbi sınama.”» İblis hər imtahanı bitirdikdən sonra, bir müddətə Ondan ayrıldı.