1 noyabr – BÜTÜN MÜQƏDDƏSLƏRİN BAYRAMI

1 noyabr – BÜTÜN MÜQƏDDƏSLƏRİN BAYRAMI

Bu Bayram ilə Kilsə insan ömrünün həqiqi məqsədinin xilas və Allah ilə əbədi həyat olmasına imanını bir daha bəyan edir.  Dünyanın Xilaskarı Məsih, Öz Çarmıx Qurbanı ilə lənət olan ölümün ümidsizliyini – əbədi bəxtiyarlığa olan ümidə çevirdi.Müqəddəs adlandırdığımız insanlar o kəslərdir ki, biz zamanlar Məsihin ardınca, Onun Çarmıx yolu ilə addımlayıb, öz şəxsi “çarmıxını” çiyinlərinə götürərək, Allahın lütfünə söykənərək, bir çox mənəvi sarsıntılardan, tövbələrdən keçərək, imanda, ümiddə və məhəbbətdə sabit qalaraq, “ölüm qapısından” keçib Məsihin Nurlu Səltənətinə daxil olub və indi artıq ağrı, göz yaşı, ölüm və fanilik olmayan yeni bir dünyanı – Allahın Şöhrətində olan Kilsəni təşkil edir. Onlar həmin yeni dünyanın –  zamanın və bizim dünyamıza aid anlamların fövqündə duran dünyanın, Allahın “hər şeydə hər şey”olduğu düyanın, həyat verici qüvvəsi yalnız İlahi Məhəbbət olan dünyanın sakinləridir.

Bu Məhəbbət bizi – dünyada Səyyah olan Kİlsəni – müqəddəslər ilə, yəni Səmavi Kilsə ilə birləşdirir. O müqəddəslər artıq bizim yollarımızdan keçib, bizəhəmdərddir və biz onlardan kömək istədiyimiz vaxtı  –  bizim üçün yorulmadan vəsatətçilik edir. 

Bütün Müqəddəslər Bayramı mütləq bayramdır. Lakin pandemiya şəraitində, yepiskopun “mütləq günlərdə Müqəddəs Messada iştirak etmək öhdəliyindən azad olunma” qərarını nəzərə alaraq, Kilsə Messada iştirak edə bilməyən  imanlıları həmin gün xüsusi şəkildə öz duaçı müqəddəslərini yad etməyi, bütün müqəddəslərə litaniyanı oxumağı və müqəddəslərin vəsatətçiliyi ilə bəxş olunan bütün fəzilət və mərhəmətə görə Allaha şükür etməyi tövsiyə edir.  Eyni zamanda, bayram günü biz ölkəmizi və xalqımızı Səmavi Kilsənin dualarına tapşırıb, Allahdan torpaqlarımızda sülhün və ədalətin tez bir zamanda bərqərar olunmasını diləyə bilərik.