10-cu Rəbb günü Adi dövrdə C ili

1 Padşahlar 17, 17-24

Bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi. Qadın İlyasa dedi: «Mən sənə nə etdim, ey Allah adamı? Günahımı xatırlatmaq və oğlumu öldürmək üçün yanıma gəlmisən?» İlyas ona dedi: «Oğlunu mənə ver». Uşağı qadının qucağından götürüb özünün qaldığı yuxarı otağa çıxartdı və onu öz yatağının üstünə uzandırdı. O, Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, yanında qaldığım dul qadının oğlunu öldürməklə onun başına bəla gətirirsən?» Sonra uşağın üstünə üç dəfə uzandı və Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, sənə yalvarıram, qoy bu uşağın canı özünə qayıtsın». Rəbb İlyasın səsini eşitdi: uşağın canı özünə qayıtdı və o dirildi. İlyas uşağı götürüb yuxarı otaqdan evə düşürtdü və onu anasına verib dedi: «Bax oğlun sağdır». Qadın İlyasa dedi: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır».

 

Z 30, 2+4. 5-6. 11-12a+13b

Nəqarat: Ya Rəbb, Səni ucaldıram, çünki Sən məni qurtardın.

 

Ya Rəbb, Səni ucaldıram, çünki Sən məni qurtardın, düşməni mənə görə sevinməyə qoymadın.

Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, qəbrə düşməyim deyə Sən mənə həyat verdin.

 

Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Müqəddəsliyini yada salın, Ona şükürlər edin. Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar.

 

Ya Rəbb, dinlə, mənə lütf et, Ya Rəbb, köməyimə çat. Yasımı şənliyə çevirdin. Ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm!

 

Qal 1, 11-19

Qardaşlarım, sizə bəyan edirəm ki, mənim təbliğ etdiyim Müjdənin mənbəyi insan deyil. Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə İsa Məsih vəhy vasitəsilə açdı. Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini qəti təqib edir, onu viran qoyurdum. Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-babalarımızın adət-ənənələrinə həddindən artıq riayət edirdim. Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah Öz Oğlunu başqa millətlər arasında müjdələyim deyə Onu vəhy vasitəsilə mənə göstərməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim. Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana getdim, sonra yenə Dəməşqə qayıtdım. Üç il keçəndən sonra isə Peter ilə tanış olmaq üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım. O biri həvarilərin heç birini görmədim. Ancaq Rəbbin qardaşı Yaqubu gördüm.

 

Lk 7, 11-17

Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi. O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da onunla gedirdi. Rəbb ananı görəndə ona yazığı gəldi və qadına dedi: “Ağlama!” Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandı. İsa dedi: “Ey cavan oğlan, sənə deyirəm: Qalx!” Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi. Hamını qorxu bürüdü. “Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!” və “Allah Öz xalqına nəzər saldı!” – deyərək Allaha həmdlər etdilər. İsa barəsindəki bu xəbər bütün Yəhudeya və bütün ətrafa yayıldı.