11-ci Rəbb günü Adi dövrdə C ili
2Şam 12, 7-10. 13
Natan Davuda dedi: «O adam sənsən! İsrailin Allahı Rəbb belə deyir: “Mən səni İsrailin üzərində padşah olaraq məsh etdim və səni Şaulun əlindən qurtardım. Sənə ağanın evini verdim. Ağanın arvadlarını qoynunda yatırıb İsraillə Yəhuda nəslini sənə verdim. əgər bu sənə azlıq edirdisə, Mən sənə daha nələri, nələri əlavə edərdim. Nə üçün Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın? Xetli Uriyanın arvadını özünə arvad etmək üçün onu qılıncla öldürtdürdün. Uriyanı Ammon övladlarının qılıncı ilə öldürtdürdün. Bundan sonra heç vaxt qılınc sənin evindən ayrılmayacaq, çünki sən Mənə xor baxdın və Xetli Uriyanın arvadını özünə arvad etdin”.
Davud Natana dedi: «Mən Rəbbə qarşı günah etdim». Natan Davuda dedi: «Rəbb sənin günahını sildi, ölməyəcəksən.
Z 32, 1-2. 5. 7. 11
Nəqarat: Ya Rəbb, təqsirimi, günahımı bağışla!
Asiliyi bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır!
Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır!
Sonra Sənə günahımı e’tiraf etdim, Təqsirlərimi gizlətmədim. Dedim: «Rəbbə asiliyimi e’tiraf edirəm». Təqsirimi, günahımı bağışladın.
Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə ətrafımda dövr edirsən.
Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin!
Qalatiyalılara 2, 16. 19-21
Lakin biz bilirik ki, insan Qanuna əməl etməyə əsasən yox, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməyə deyil, Məsihə olan imana əsasən saleh sayılaq. Çünki Qanuna əməl etməyə əsasən heç bir insan saleh sayılmaz. Çünki mən Qanun vasitəsilə Qanun qarşısında öldüm, (yəni Qanunun mənim üzərimdəki hakimiyyətindən qurtuldum) belə ki Allah üçün yaşayım. Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram. Allahın lütfünü rədd etmirəm. Çünki əgər salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü.
Lukanın müjdəsi 7, 36-50
Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrə başında oturdu. Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, İsanın fariseyin evində çörək yediyini xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi. Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə ayaqlarını islatmağa başladı. O, ayaqlarını saçları ilə quruladı, öpdü və ətirli yağla sürtdü. İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: “Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunan qadının kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkarın biri idi”. İsa ona xitab edib belə söylədi: “Şimon, mənim sənə sözüm var”. O da dedi: “Müəllim, buyur”. “Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu çox sevəcək?” Şimon cavab verdi: “Məncə, o adam ki kimə çox bağışlandı”. İsa ona “düz deyirsən” dedi. Sonra İsa qadına tərəf baxıb Şimona dedi: “Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadın isə ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi. Sən Məni öpmədin, bu qadın isə Mən evə girəndən bəri ayaqlarımı hey öpür. Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi. Buna görə də sənə deyirəm: bu qadının günahları çox idi və bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıb, az sevər”. Sonra İsa qadına dedi: “Sənin günahların bağışlandı”. Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladı: “Bu adam kimdir ki, günahları da bağışlayır?” Amma İsa qadına dedi: “İmanın səni xilas etdi, əmin-amanlıqla get”.