11 FEVRAL 2025 İL – YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN YEPİSKOP XİROTONİYASININ 7 İLLİYİDİR
Fevralın 11-də, Əqdəs Bakirə Məryəmin Lurdda Zahir olmasının xatirəsi günündə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Müqəddəs Məryəm Kilsəsində, kilsə ruhanilərinin müşayiəti ilə, Müqəddəs Messanı keçirib.
Roma papası müq. II İoann Pavelin təşəbbüsü ilə, 1993-cü ildən, 11 fevral – Allahın Əqdəs Validəsinin Lurdda möcüzəvi zahir olması günü – Katolik Kilsəsində Ümumdünya Xəstələr üçün Dua Günü kimi qeyd olunur.
Müqəddəs Messanın əvvəlində yepiskop Vladimir Fekete kilsəyə toplaşanları xəstələr üçün dua etməyə, həmçinin imkan daxilində cismən və ruhən müxtəlif xəstəliklərindən əziyyət çəkən yaxınlarımızın yanında olmağa, onları qayğısız və diqqətsiz qoymamağa çağırıb.
Fevralın 11-də həm də yepiskop Vladimir həzrətlərinin yepiskop xirotoniyasından yeddi il keçir. İbadətin sonunda Azərbaycan katolikləri adından yepiskop Vladimir Fekete həzrətlərini Müqəddəs Məryəm kilsəsinin imanlıları Eldar və İrina təbrik etmiş, Azərbaycanda Məsihin “kiçik sürüsü”nə göstərdiyi qayğıya görə yepiskop həzrətlərinə minnətdarlıq bildirmiş, arxipastır xidmətinin ağır çarmıxını daşımaq üçün ona mənəvi və fiziki güc arzulamışlar.






