12-ci Rəbb günü Adi dövrdə B ili
Əyyub 38, 1. 8-11 
O zaman Rəbb qasırğanın içindən Əyyuba belə cavab verdi: Dəniz bətndən çıxıb fışqırarkən onu qapılar arasında kim bağladı? Ona buludları libas, qatı qaranlıqları qundaq etdim. Onun sərhədini çəkdim, qapı və cəftələrini qoydum. O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, qürurlu dalğaların burada dursun”.
Z 107, 23-24. 25-26. 28-29. 30-31
Nəqarat: Rəbbə şükür edin, çünki məhəbbəti əbədidir!
Bəziləri gəmilərlə dənizlərdə üzdülər, dəryalarda böyük işlər gördülər.
Orada Rəbbin əməllərinə, dərin sularda etdiyi xariqələrinə şahid oldular.
Çünki Onun əmri ilə qasırğa qopdu, dənizin dalğaları qalxdı.
Gəmiçilər göyə qalxıb dərinə enirdi, qorxudan canları əldən gedirdi.
Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı.
Qasırğanı yatırdı, sükut gətirdi, dalğaları sakit etdi.
Sakitlik yarananda onlar çox sevindilər, Rəbb də onları istədikləri limana çatdırdı.
Rəbbə məhəbbətinə görə, bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər!
2 Kor 5, 14-17
Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü. Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar. Bunun nəticəsində də biz artıq heç kimi bəşəri nöqteyi-nəzərdən tanımırıq. Nə vaxtsa Məsihi bəşəri nöqteyi-nəzərdən tanısaq da, indi Onu elə tanımırıq. Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
Mk 4, 35-41
Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək». Şagirdlər camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi. Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu. İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?» İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!» Külək dayandı və dərin sükut çökdü. İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?» Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?»