12-ci Rəbb günü Adi dövrdə C ili
Zəkəriyyə 12, 10-11. 13, 1 
Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə – bədənini deşdikləri adama baxacaq və yeganə oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək. O gün Yerusəlimdə böyük matəm olacaq, Megiddo düzənliyində, Hadad-Rimmonda olduğu kimi böyük matəm olacaq. O gün Davud nəslini və Yerusəlimdə yaşayanları günahdan və murdarlıqdan təmizləmək üçün bir bulaq açılacaq.
Z 63, 1-5. 7-8
Nəqarat: Ya Rəbb, Allahım, Sənsiz könlüm susuzdur.
Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm.
Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur.
Bütün varlığımla həsrətini çəkirəm. Müqəddəs yerdə Səni seyr edirdim, qüdrətini, əzəmətini görürdüm. Mənim dilim Səni tərənnüm edir, məhəbbətin bu həyatdan gözəldir.
Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
Sanki yağlı yeməklə canım tox olacaq, dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
Sən mənə kömək oldun, qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
Könlüm Sənə bağlanır, sağ əlin məni möhkəm tutur.
Qalatiyalılara 3, 26-29
Qardaşlar və bacılar! Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın oğullarısınız. Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihi geyinmisiniz. Artıq Yəhudi ilə Yunan, qul ilə azad, kişi ilə qadın arasında ayrı-seçkilik yoxdur. Çünki hamınız Məsih İsada birsiniz. Əgər Məsihə aidsiniz, deməli, Ibrahimin nəslindənsiniz və vədə görə varissiniz.
Luka 9, 18-24
Bir gün İsa tənha yerdə dua edirdi. Şagirdləri də yanında idi. İsa onlardan soruşdu: “Camaatın dediyinə görə Mən kiməm?” Onlar belə cavab verdi: “Kimisi Sənə Vəftizçi Yəhya, kimisi İlyas, kimisi də deyir ki, qədim peyğəmbərlərdən biri dirilib”. İsa onlardan soruşdu: “Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?” Peter Ona cavab verdi: “Sən Allahın Məsihisən”. İsa şagirdlərinə ciddi tapşırıb əmr etdi ki, bunu heç kimə deməsinlər. O dedi: “Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir”. Sonra hamısına söylədi: “Kim Mənim ardımca gəlmək istəyirsə, özünü inkar etsin. Qoy hər gün çarmıxını götürüb ardımca gəlsin. Canını qurtarmaq istəyən onu itirəcək, Mənim uğrumda canını itirən isə canını qurtaracaq.