16-cı Rəbb günü Adi dövrdə “A”ili

Müdriklik kitabından sözlər (Müdriklik 12, 13. 16-19)

Rəbbim, hər şeylə maraqlanan səndən başqa Tanrı yoxdur. Buna görə də mühakimələrində adil olduğunu sübut etməyə ehtiyacın yoxdur. Qüdrətin ədalətinin qaynağıdır. Hər şeyə dürüst olduğun üçün, hər şeyə qarşı mehribansan. Düstlüyünə şübhə edənlərə gücünü göstərirsən və onu bilməyənlərin ədəbsizliyini cəzalandırırsan. Amma sən gücünə dürüst olduğun üçün mühakimələrində yumşaqsan, bizlərə böyük bir səbirlə və mehribanlıqla davranırsan. Çünki gücünü istədiyin zaman göstərə bilərsən. Belə davranışla insanlara bir dərs verdin, müdrik insanın inancı olmasının lazım olduğunu öyrətdin və uşaqlarına, günahkarlara tövbə lütfünü bəxş etdiyin ümidini verdin.

 

Z 86, 5-6, 9-10, 15-16

Nəqarat: Rəbbim, sən çox yaxşısan, hər zaman bağışlayırsan!

 

Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur. Ya Rəbb, duamı dinlə, yalvarışlarımın səsinə qulaq as.

 

Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək, Sənin ismini izzətləndirərək səcdə edəcək. Çünki əzəmətli, xariqələr yaradan Sənsən, Yeganə Allah Sənsən!
Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan, hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur. Sən mənə baxıb rəhm et.

 

Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 8, 26-27)

Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.

 

Müqəddəs Matta tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mt 13, 24-43)

İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Səltənət tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir. Nə vaxt adam yatarsa, onun düşməni gəlib buğdaların arasına dəlicə səpib gedər. Buğda böyüyüb bəhrə verdiyi zaman dəlicələr də göründü. Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?” O isə qullara dedi: “Bunu düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları yığaq?” O dedi: “Yox, çünki dəlicələri yığarkən onlarla birgə buğdanı da qopararsınız. Biçinə qədər qoyun hər ikisi birlikdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın”».

İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Səltənət bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki səma quşları gəlib onun budaqlarında yuva qurur».

İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Səltənət xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».

İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki, peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam, dünya yaranandan bəri gizli qalan şeyləri bəyan edəcəyəm».

O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et».

Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur. Tarla isə dünyadır. Yaxşı toxum Səltənətin övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır. Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir. Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq. Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Səltənətindən toplayacaq və onları alovlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq. O zaman salehlər Atalarının Səltənətində günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!