2-ci Rəbb günü Adi dövrdə – C ili
Yeşaya 62, 1-5
Salehliyi nur kimi saçanadək, Qurtuluşu məş’əl tək yananadək Sion naminə susmayacağam, Yerusəlim naminə sakit durmayacağam. Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək, Rəbbin ağzından çıxdığı, Sənə verdiyi yeni adla çağırılacaqsan. Sən Rəbbin əlində şərəf tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan. Artıq sənə «atılmış», Ölkənə «viranə qalmış» deməyəcəklər. əvəzinə sənə «sevdiyim», Ölkənə isə «ərli» deyiləcək. Çünki Rəbb səni sevəcək, Ölkən də ərli sayılacaq. Bir gənc bakirə qızla evləndiyi kimi Səni Yaradan da səninlə evlənəcək. Bəy gəlindən zövq aldığı kimi Allahın da səndən zövq alacaq.
Zəbur 96, 1-3. 7-10
Nəqarat: Rəbbin möcüzələrini bütün xalqlara bəyan edin!
Rəbbə yeni bir ilahi oxuyun, ey bütün dünya, Rəbbə ilahi oxuyun,
İsminə alqış edin, Rəbbə ilahi oxuyun.
Xilaskar olduğunu hər gün müjdələyin.
Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!
Ey xalqların tayfaları, Rəbbə verin – Ehtişamı, qüdrəti Rəbbə verin,
Adına layiq ehtişamı Rəbbə verin.
Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
Millətlərə belə elan edin: «Rəbb hökmranlıq edir, O, dünyanı sarsılmaz və möhkəm qurub, O, insafla xalqların hökmünü verəcək».
Korinflilərə birinci məktubu 12, 4-11
Ənamlar müxtəlif, Ruh isə eynidir; və xidmətlər də müxtəlif, Rəbb isə eynidir; bu xidmətləri icra etmək tərzləri də müxtəlif, amma Allah eynidir, hamıda hər şeyi icra edən Odur. Amma hər kəsə Ruhun zühuru xeyir üçün verilir. Ruh vasitəsilə birinə hikmət kəlamı, digərinə isə eyni Ruhdan bilik kəlamı verilir. Başqasına isə eyni Ruhla iman verilir; bir başqasına da eyni Ruhla şəfa ənamları verilir; birinə möcüzələr yaratmaq məharəti, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək məharəti, bir başqasına müxtəlif dillər, digərinə də dilləri tərcümə etmək məharəti verilir. Bütün bunları isə bir və eyni Ruh icra edir və Özü istədiyi kimi hər birinə xüsusi bölüşdürüb verir.
Yəhyanın müjdəsi 2, 1-11
ÜÇÜNCÜ gün Qalileyanın Qana kəndində toy var idi; İsanın anası da orada idi.
İsa ilə şagirdləri də toya çağırılmışdılar. Şərab tükənəndə İsanın anası Ona dedi: «Şərabları yoxdur.»
İsa ona dedi: «Ay arvad, mənə və sənə nə? Vaxtım hələ gəlməyib.»
Anası nökərlərə dedi: «Sizə nə desə, onu edin.»
Yəhudilərin təmizlənmə adəti üzrə, orada hər biri iki-üç ölçü tutan altı daş küp var idi.
İsa nökərlərə dedi: «Küpləri su ilə doldurun.» Küpləri ağızlarına qədər doldurdular.
Sonra nökərlərə dedi: «İndi sudan götürüb ziyafətə başçılıq edənə aparın.» Onlar da apardılar.
Ziyafətə başçılıq edən, şəraba çevrilmiş suyu daddığı zaman onun haradan olduğunu bilmədi, bunu yalnız suyu gətirmiş nökərlər bilirdilər. Ziyafətə başçılıq edən bəyi öz yanına çağırıb ona dedi:
«Hər bir adam yaxşı şərabı əvvəl, adisini isə şərab çox içildikdən sonra verir, sən isə yaxşı şərabı indiyə saxlamısan.»
İsa bu ilk əlamətini Qalileyanın Qana kəndində icra etdi və izzətini göstərdi. Şagirdləri də Ona iman gətirdilər.