2-ci Rəbb günü Advent dövründə “C” ili

Pəyğəmbər Barukun kitabından sözlər (Baruk 5,1-9) 

Ey Yerusəlim xalqı, kədər və yas paltarlarını üzərindən at və Allahın şanının gözəllikləri ilə bəzən. Tanrının ədalət örtüyünə sığın və əbədi ucalıq tacını geyin. Allah hər yerdə sənin şanını ucaldacaq və sənə daima Ədalət, barış, Allah sevgisinin tərifi kimi qurbanlar veriləcək.

Qalx Yerusəlim xalqı təpəyə çıx və doğuya bax. Uca Allahın sayəsində sərqdən və qərbdən toplanmış olan uşaqlarını gör. Sevinirlər, çünki Allah onları xatırlayırdı. Sən onları düşmənlər tərəfindən sənə şan ilə götürülürkən görmüşdün. İndi isə Allah onları sənə şan ilə çiyinlər üstündə daşınan kralın uşaqları kimi gətirir. Çünki Allah uca dağların və əbədi təpələrin kiçildilməsini və vadilərin doldurulmasını əmr etdi. Beləcə yer üzü düzləşəcək və İsrail xalqı Rəbbin şanı ilə güvənlə yürüyəcək. Allahın əmri ilə meşələr və gözəl qoxulu ağaclar İsrailə kölgə verəcək. Çünki Allah mərhəmət və ədalətlə birlikdə sevinc içində yürüyən İsrailə şanının işığı ilə yol göstərəcək.

 

Z 126 [125], 1-6

Nəqarat: Rəbb bizim üçün böyük işlər gördüyünə görə sevinirik.

 

Rəbb Siona bəxtəvər günlərini qaytaranda bizə röya kimi gəldi.

Dodaqlarımızdan gülüş tökülürdü, dilimizdən sevinc harayı yüksəlirdi.

 

Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb».

Bunun üçün sevinirik, çünki Rəbb bizim üçün böyük işlər görüb.

 

Selləri Negevə qaytardığın kimi Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.

Qoy göz yaşı ilə əkənlər sevinc harayı çəkərək biçsinlər.

 

Ağlaya-ağlaya toxum daşıyıb əkən

sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.

Filipililərə məktubu 1, 4-11

Hamınız üçün hər duamda daim sevinclə niyaz edirəm, çünki ilk gündən indiyədək, Müjdəni yaymaqda iştirak etdiniz. Əminəm ki, sizdə yaxşı işə başlamış olan Allah, Məsih İsanın gününə kimi bunu bitirəcəkdir. Əslində mən hamınız haqqında belə fikirdə olsam bu doğrudur, çünki siz mənim ürəyimdəsiniz; həbsdə də olsam, Müjdəni müdafiə və təsdiq də etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şərik siniz. Allah şahidimdir ki, mən, İsa Məsihin sevgisi ilə hamınızın həsrətini çəkirəm. Və dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından getdikcə daha çox artsın ki, siz Məsihin günündə pak və nöqsansız olmaq üçün ən üstün dəyərləri ayırd edə biləsiniz. Və Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolasınız.

 

Lukanın müjdəsi 3, 1-6

QEYSƏR Tiberiusun hakimiyyətinin on beşinci ilində, Ponti Pilat Yəhudeya valisi, Hirod Qalileya tetrarxı, onun qardaşı Filip İtureya və Traxonitis vilayətinin tetrarxı, Lisanya Abileniya tetrarxı, Hanan ilə Qayafa baş kahin olduqları zaman, səhrada Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı gəldi.

Və o, İordan çayının ətrafındakı bütün ölkəni dolaşaraq günahların bağışlanması üçün tövbə edib vəftiz olsunlar deyə insanları təbliğ edirdi.

Necə ki, Yeşaya peyğəmbərin sözlərinin kitabında yazılmışdır: «Səhrada birinin səsi nida edir: Rəbbin yolunu hazırlayın! Onun yollarını düz edin! Hər dərə doldurulacaq, hər dağ və təpə alçalacaqdır; əyriliklər düzələcək, kələ-kötür yollar hamar olacaqdır; və bütün bəşər Allahın xilasını görəcəkdir.»

Leave a Reply

Your email address will not be published. Required fields are marked *