2-ci Rəbb günü Oruc dövründə C ili
Rəbb İbramı bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı. Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm». İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?»
Rəbb ona dedi: «Mənim üçün bir üçyaşlı düyə, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və bir göyərçin balası gətir». İbram bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı, hər hissəni o birinin qarşısına qoydu, ancaq quşları kəsmədi. Yırtıcı quşlar cəmdəklərin üzərinə uçub gəldilər, ancaq İbram onları qovdu. Günəş batan vaxt İbrama dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çökdü. Günəş batıb qaranlıq düşəndə tüstü çıxan bir təndir və alovlanan məş’əl görünərək parçalanmış heyvanların arasından keçdi. O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları – Mən sənin nəslinə verirəm».
Zəbur 27, 1. 7-9. 13-14
Nəqarat: Rəbdir nurum, qurtuluşum!
Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum?
Rəbdir ömrümün qalası, mən kimdən vahimələnim?
Ya Rəbb, dinlə, Səni çağırıram, lütf edib mənə cavab ver.
Sən dedin: «Üzümü axtarın». Ya Rəbb, mən Sənin üzünü axtarıram.
Üzünü məndən gizlətmə, qulunu qəzəblə qovma. Sən mənə kömək etmisən, məni atma, tərk etmə, ey məni qurtaran Allahım!
Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, buna şübhəm yoxdur.
Rəbbə ümid bağla! Cəsarətli və möhkəm ol! Rəbbə ümid bağla!
Filipililərə məktubu 3, 17 – 4, 1
Qardaşlar, məni təqlid edin və sizin bizdə gördüyünüz nümunəyə görə hərəkət edənlərə diqqətlə baxın. Çünki bir çoxları Məsihin çarmıxının düşmənləri kimi hərəkət edirlər. Onların barəsində sizə tez-tez danışırdım, indi isə gözü yaşlı deyirəm. Onların sonu ölüm, onların tanrısı qarın və onların iftixarı rusvayçılıqlarındadır; yalnız dünyəvi şeylər barədə düşünürlər. Bizim vətəndaşlığımız isə göylərdədir və biz Xilaskar olan Rəbb İsa Məsihi oradan gözləyirik. O, hər şeyi Özünə tabe etməyə qadir olan qüdrətinin təsiri ilə bizim zavallı bədənimizi dəyişdirib, Öz izzətli bədəninə bənzər hala gətirəcəkdir. Beləliklə, sevincim və başımın tacı, həsrətini çəkdiyim sevimli qardaşlarım, Rəbb yolunda bu cür sabit durun, sevimlilərim.
Lukanın müjdəsi 9, 28b – 36
Bu sözləri söylədikdən təqribən səkkiz gün sonra İsa, Peteri, Yəhyanı və Yaqubu Özü ilə götürüb dua etmək üçün dağa qalxdı. Dua etdiyi zaman, Onun üzünün görkəmi dəyişdi, və Onun paltarı ağardı və çox parlaq oldu. Və budur, iki nəfər Onunla söhbət edirdi. Bunlar Musa və İlyas idi. Onlar ehtişamla zahir olub İsanın Yerusəlimdə tamamlayacağı aqibəti haqqında danışırdılar.
Peter və onunla bərabər olanlar isə dərin yuxuya getmişdilər. Amma oyananda İsanın ehtişamını və Onunla yanaşı duran iki kişini gördülər. Onlar İsadan ayrılarkən, Peter nə söylədiyini bilmədən, İsaya dedi: «Ustad! Bizə burada olmaq xoşdur. Üç çardaq quraq – biri Sənə, biri Musaya və biri də İlyasa.» Peter bunu deyərkən bir bulud gəldi və onlara kölgə saldı; buluda daxil olduqda qorxdular. Buluddan isə: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!» – deyən bir səs gəldi. Bu səs kəsildikdə İsa tək qaldı. Və onlar susdular və o günlərdə gördükləri barədə kimsəyə bir söz demədilər.
