2-ci Rəbb günü Pasxa dövründə C ili
Həvarilərin işləri kitabından sözlər (Həv 5, 12-16)
Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın Eyvanına yığılardı. Xalq onlara böyük rəğbət bəsləsə də, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. Buna baxmayaraq get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə küçələrə çıxarıb qoyardı. Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.
Z 118, 2-4. 22-24. 25-27a
Nəqarat: Rəbbə şükür edin, ona görə ki yaxşıdır, çünki məhəbbəti əbədidir!
Qoy İsraillilər belə desin: «Çünki məhəbbəti əbədidir!»
Harun nəsli belə desin: «Çünki məhəbbəti əbədidir!»
Qoy Rəbdən qorxanlar belə söyləsin: «Çünki məhəbbəti əbədidir!»
Bənnaların rədd etdiyi daş guşədaşı olub.
Bu, Rəbbin işi idi, gözümüzdə xariqəli bir işdir.
Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək!
Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər!
Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk.
Rəbb Allahdır, O, üzərimizə nur saçdı.
Vəhy kitabından sözlər (Vəhy1, 9-11a. 12-13. 17-19)
Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən – qardaşınız Yəhya Allahın kəlamına və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim. Rəbbin günü Ruhun təsiri altında olarkən arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim: «Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yəni Efesə, Izmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər». O zaman çevrildim ki, mənimlə danışanın kim olduğunu görüm. Çevrildikdə yeddi qızıl çıraqdan gördüm. Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi. Mən Onu gördükdə ölü kimi ayaqlarına qapandım. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir. Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.
Müqəddəs Yəhya tərəfindən yazılan İncil kitabından sözlər (Yəh 20, 19-31)
O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Salam!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər.
İsa yenə onlara dedi: «Salam! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».
Lakin On iki Şagirddən biri «Əkiz» adlanan Toma İsa gələndə onların yanında deyildi. O biri şagirdlər Tomaya «Rəbbi gördük» deyəndə o onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna inanmaram».
Səkkiz gün sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Toma da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Salam!» dedi.
Bundan sonra Tomaya söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!»
Toma cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi.
İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»
İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Allahın Oğlu və Məsih olduğuna iman edəsiniz və iman edərək Onun adı ilə həyata malik olasınız.