2 İYUN – MƏSİHİN ƏQDƏS BƏDƏNİ VƏ QANI BAYRAMI

İyunun 2-də Azərbaycanda Katolik Kilsəsi Məsihin Əqdəs Bədəni və Qanı Bayramını qeyd edib. İsa Məsihin Əqdəs Bədəni və Qanı Bayramı (əvvəllər Corpus Domini – Rəbbin Bədəni bayramı adlanırdı) ənənəvi olaraq Pentekost – Əllinci Gün bayramından sonra ikinci həftənin cümə axşamı günü qeyd olunur. Lakin bir çox ölkələrdə bu gün iş günü olduğundan bayramın qeyd edilməsi adətən bazar gününə keçirilir.
Bayram ibadətləri Bakı şəhərinin baş katolik kilsəsi – Müqəddəs Məryəm kilsəsində və müq. II İohann Pavel prixodunda azərbaycan, rus və ingilis dillərində keçirilib. Müqəddəs Məryəm kilsəsində rus dilində keçirilən Müqəddəs Messa və Evxaristiya yürüşünə Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete başçılıq edib.
“Yevxaristiya Sirrli Ayinində keşişin duası ilə çörək və şərab Məsihin Bədəninə və Qanına çevrilir. Biz də Müqəddəs Messada iştirak etməklə və Yevxaristiyanı qəbul etməklə, Allah tərəfindən bu dəyişikliyə çağırılmışıq. Bəziləri Yevxaristiyanı bir növ mükafat, Məsihə şərik olmağa layiq olmağımızın bir əlaməti kimi qəbul edirlər. Lakin İsa Öz Bədəninin və Qanının Sirrində bizə mükafat vermək üçün deyil, bizi sağaltmaq üçün bizə tərəf enir. O demir ki, yalnız müqəddəs insanlar Ona yaxınlaşıb Onun Bədəninə və Qanına şərik ola bilərlər. Məsih Yevxaristiyanı bizim üçün dünyadakı və içimizdəki şərə müqavimət göstərmək üçün ruhani güc mənbəyi olaraq təyin etdi. Biz ürəklərimizi Məsihin qarşısında açmalıyıq, bütün zəifliklərimizi və pisliklərimizi səmimi tövbə ilə Ona etibar etməliyik və o zaman, Müqəddəs Sirri imanla qəbul edərək, biz özümüz, bizdə fəaliyyət göstərən Məsihin Ruhunun qüdrəti ilə, İsaya bənzəməyə başlayacağıq”, – yepiskop Vladimir Fekete moizəsində qeyd edib.
Müqəddəs Messadan sonra, qədim ənənəyə görə, möminlər kilsə ərazisində Yevxaristiya yürüşü keçirdilər. Yürüşün sonunda yepiskop Vladimir Fekete ibadətdə iştirak edənlərə, şəhərə və ölkəyə Əqdəs Ənamlar ilə xeyir-dua verdi.