2 MART – KÜL ÇƏRŞƏNBƏSİ – BÖYÜK ORUCUN BAŞLANMASI
Martın 2-də, Kül Çərşənbəsi ilə Katolik Kilsəsi Rəbb İsa Məsihin Dirilməsi – Müqəddəs Pasxa Bayramına hazırlıq dövrü olan Böyük Oruca başladı.
Hər bir xristian Böyük Oruc zamanı bacardığı qədər və fərdi vəziyyəti nəzərə alaraq oruc tutmalı, duaya daha çox vaxt ayırmalı və mərhəmət işləri görməlidir.
Böyük Oruc tövbə vaxtıdır. Qədim Kilsə Ataları Böyük Orucu “ruhun baharı” adlandırırdı, çünki bütün yer üzü yazda yeniləndiyi kimi, günahlarını dərk edən, günahlarından tövbə edən və onları Xilaskar Məsihə etibar edən insan da ruhən canlanır və beləliklə Pasxa Günündə Məsihin günah və ölüm üzərində Qələbəsinin şəriki olur.
Kül Çərşənbəsi günü Müqəddəs Messaya Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri başçılıq edib.
Yepiskop Vladimir həzrətləri öz xütbəsində Böyük Orucun mahiyyətini açıqlayaraq, möminləri bu dövrdə ruhani «atletizm», “təqva yarışı”, “mənəvi lovlağıq”la məşqul olmaqdan çəkinməyə çağırdı. Əksinə, Əhdi-Ətiq peyğəmbəri Yoelin sözlərinə əməl edərək, “paltarı deyil, ürəkləri yırtmaq” lazımdır ki, Allahın Məhəbbəti bizim zəifliklərimizə və günahlarımıza şəfa verə bilsin.
“Bu gün eşitdiyimiz Mattanın İncilində Rəbb bizi başqalarına fəxarətlə nümayiş etdirə biləcəyimiz zahiri yox – daxili dönüşə çağırır. Böyük Orucun məqsədi – yalnız yaxşı insan təəssüratını bağışlamaq deyil. Biz həyatımızın bir çox səviyyələrində yaxşı ola bilərik, amma yenə də Allahla görüşmürük. Böyük Orucun məqsədi – bizi Sevən Rəbblə görüşdür.”
Xütbəsinin sonunda yepiskop Vladimir Fekete möminləri Böyük Oruc zamanı Ukraynada sülh üçün dua etməyə çağırıb.