20 FEVRAL 2022 İL, ADİ DÖVRÜN VII RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

21 fevral, bazar ertəsi, müqəddəs Peter Damian, yepiskop və Kilsə müəllimi, xatirə

22 fevral, çərşənbə axşamı, müqəddəs Həvari Peterin Kafedrası Bayramı

23 fevral, çərşənbə, müqəddəs Polikarp, yepiskop və şəhid, xatirə

25 fevral, cümə, Azərbaycanda Katolik Kilsəsinin bütün prixodlarında Xocalı faciəsi  qurbanlarının xatirəsi yad edilir.

27 fevral, bazar, ADİ DÖVRÜN VIII RƏBB GÜNÜ

APOSTOL PREFEKTURASININ ELANLARI
Müqəddəs Həvari Peterin Kürsüsü Bayramı

Fevralın 22-də Kilsə Müqəddəs Həvari Peterin Kafedrası Bayramını qeyd edir. Kafedra –   universitet professoru və ya yepiskopun çıxış etdiyi kürsü deməkdir.  Kilsə Atalarının dövründən başlayaraq bu söz yepiskopun, ilk öncə Roma Yepiskopunun hökmü və səlahiyyətinin rəmzi kimi istifadə edilirdi. Müqəddəs Kiprian (II əsr) bu barədə belə deyir: “Peterə birincilik ona görə verilib ki o Məsihin Kilsəsinin və Kafedranın nə olduğunu göstərsin” – yəni Peterə öyrətmək və idarə etmək səlahiyyəti verilib. Vəhdətin önəmini daha çox vurğulamaq üçün Kiprian əlavə edir: “Bir Allah, Bir Rəbb, Bir Kilsə və Məsihin təsis etdiyi Bir Kafedra”. Bu bayram günü biz Peterin və onun xələfləri olan roma papaların xidməti üçün Allaha şükr edirik, “günümüzün Peteri” olan Papa Fransisk üçün, Müqəddəs Katolik Kilsəsinin birliyi üçün dua edirik.

Xocalı faciəsinin 30-cu ildönümü

Hər kəsə məlum olduğu kimi, 1992-ci il fevralın 26-da birinci Qarabağ müharibəsi zamanı dəhşətli faciə baş verdi: işğalçının əlindən qaçmağa çalışan dinc əhali kolonnası atəşə tutuldu, nəticədə yüzlərlə insan, o cümlədən çoxlu sayda qadın, uşaq və yaşlılar öldürüldü. Bu il bu faciənin 30 ili tamam olur. Azərbaycanda Katolik Kilsəsi Azərbaycan xalqının dərdi ilə həmrəy olduğunu bildirərək, Uca Allahdan Xocalıda şəhid olanların ruhuna rəhmət, həmin faciədə yaxınlarını itirən hər kəsə təsəlli diləyir, həmçinin dua edir ki,  Haqq-Təala xalqımızı gələcəkdə belə faciələrdən qorusun.

Fevralın 25-i cümə günü Azərbaycanda Katolik Kilsəsinin bütün prixodlarında Xocalı qətliamı qurbanlarının xatirəsinə anım ibadətləri keçiriləcək: Müqəddəs Məryəm kilsəsində (Xətai) saat 17:30-da və  mqd. II İohann Pavel ibadətgahında (Gənclik) saat 19:00-da

Covid-19

 Xatırladırıq ki, fevralın 15-dən peyvəndin ikinci dozasından 6 ay keçmiş şəxslərin covid-pasportları peyvəndin üçüncü, gücləndirici dozasını alana qədər etibarsız sayılacaq. Gücləndirici doza aldıqdan sonra covid pasportlar müddətsiz olacaq. Koronavirus pandemiyası dövründə ictimai yerlərə, o cümlədən kilsələrə daxil olmaqla bağlı AR Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaları nəzərə alaraq, kilsəyə daxil olarkən etibarlı covid-pasportu və ya imunitet sertifikatın təqdim edilməsi tələbini anlayışla qarşılamağınızı xahiş edirik. Xristian olaraq biz həm öz sağlamlığımız, həm də başqalarının sağlamlığı və həyatı üçün məsuliyyət daşımağa çağırılmışıq.

İBADƏTLƏR CƏDVƏLİ