22-ci Rəbb günü Adi dövrdə C ili

Sir 3, 19-21. 30-31(C)_Ordinary_22ndprevziať

Oğlum, etdiyin hər şey könüldən gəlsə, varlı adamdan daha çox sevinəcəksən. Rütbənin qüruru nə qədər böyük olsa, özünü bir o qədər kiçik gör: beləliklə Allahın rəğbətini qazanacaqsan. Rəbbin, qüdrəti böyükdür və kiçiklər onu mədh edirlər. Təkəbbürlü olanın fəlakəti çarəsizlikdir, çünki pislik onun ürəyinə köklənir. Ağıllı və kamil insan ürəyində hikmətin sözlərini daşıyaraq düşünür: hikmətli insanın arzusu, onu dinləyəcək birini tapmaqdır.

 

Z 68, 3-4ac. 5-6. 9-10

Nəqarat: Ey Allah, xeyirxahlığına görə məzlumlar üçün ev hazırladın.

 

Salehlər sevinsin, Allahın hüzurunda fərəhindən coşsun, sevinib şad olsun. Allaha ilahi oxuyun, ismini tərənnüm edin. İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.

 

Öz müqəddəs məskənində olan Allah yetimlərin atası, dul qadınların müdafiəçisidir. Allah kimsəsizlərə ev qurur, əsirləri firavanlığa çıxarır.

 

Ey Allah, yaxşıca yağışlar yağdırdın, solan torpaqlarını canlandırdın. Xalqın orada məskən saldı. Ey Allah, xeyirxahlığına görə məzlumlar üçün oranı Sən hazırladın.

 

İbr 12, 18-19. 22-24a

Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya, şeypur gurultusuna və elə bir səsə yaxınlaşmadınız ki, o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar. Lakin siz Sion dağına, var olan Allahın şəhərinə, səmavi Yerusəlimə, minlərlə mələklərə, səmalarda adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına, yeni əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.

 

Lk 14, 1. 7-14

Bir Şənbə günü İsa farisey başçılarının birinin evinə çörək yeməyə getdi. Hamı Onu izləyirdi. İsa fikir verdi ki, dəvət olunanlar yuxarı başda oturmağa can atırlar. O onlara belə bir məsəl söylədi: Bir nəfər səni toya dəvət edirsə, yuxarı başda oturma. Bəlkə ev yiyəsinin səndən də hörmətli bir qonağı var. İkinizi də toya dəvət edən gəlib sənə „bu adama yer ver!“ desə, sən xəcalət içində aşağı başda əyləşməli olarsan. Amma dəvət olunanda gedib ən aşağı başda otur ki, səni dəvət edən adam gəlib sənə „Dostum! Yuxarı başa keç!“ desin; o zaman səninlə birgə oturanların hamısının qarşısında hörmət qazanarsan. Çünki öz-özünü ucaldan hər kəs alçaldılacaq, öz-özünü alçaldan isə ucaldılacaq”. İsa Onu dəvət edənə də dedi: “Günorta yaxud axşam yeməyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlətli qonşularını dəvət etmə ki, onlar da səni çağıraraq sənə əvəzini versin. Amma qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, korları çağır. Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək”.