22 FEVRAL – KÜL ÇƏRŞƏNBƏSİ – BÖYÜK ORUCUN BAŞLANMASI
Mqd. Məryəm kilsəsində: 07:00 ingilis / 12:45 rus /18:00 azərbaycan dillərində
Mqd. II İohann Pavel prixodunda: 19:00 rus dilində
Kül Çərşənbəsi İbadəti ilə Katolik Kilsəsi qırx günlük Böyük Oruc dövrünə daxil olur. Qırx rəqəmi İsa Məsihin səhrada qırx günlük orucunu xatırladan xüsusi məna daşıyır. Orucun başlanğıcından Pasxa hadisələrinə düz 40 gün qalması üçün VI əsrin sonunda Papa Böyük Qriqori Böyük Oruc dövrünə 4 gün əlavə etdi və o zamandan Oruc Kül Çərşənbəsindən başlanaraq Müqəddəs Həftənin çərşənbə günündə sona çatır və düz qırx gün təşkil edir (bazar günləri oruc tutulmur). Kül Çərşənbəsi günü 18 yaşdan yuxarı və 60 yaşdan aşağı bütün katoliklərin oruc tutması tələb olunur: gündə yalnız bir dəfə doyunca yemək olar. Əlavə olaraq, 14 yaşdan yuxarı bütün katoliklər bu gün ət yeməyindən çəkinməlidirlər.
Kül Çərşənbəsinin liturgik oxunuşları bizi tövbəyə və iman gətirməyə çağırır: “Rəbb belə bəyan edir: «İndi isə orucla, ağlamaqla, yas tutmaqla bütün qəlbinizlə Mənə dönün. Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın». Çünki O, lütfkar və rəhmlidir, hədsiz səbirlidir, bol məhəbbətlidir, bəla göndərməz, rəhm edər. Kim bilir, bəlkə rəhm edib dönər? Sonra Allahınız Rəbbə taxıl və içmə təqdimlərini verəsiniz deyə sizə bərəkət verər. (Yoel 2:12-14).
“Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın.” (2 Korinflilərə 5:20). Kül Çərşənbəsinin liturgiyası zamanı keşiş Rəbbin Yerusəlimə Girişi Günü təqdis olunmuş və bu günə qədər saxlanılan palma və ya bədmüşk budaqlarının yandırılmasından əldə edilən külü “Tövbə et və İncilə iman et” və ya “Unutma ki, sən torpaqsan və torpağa qayıdacaqsan” sözləri ilə imanlıların başlarına səpir.
Küldən kədər və tövbə əlaməti kimi istifadə etmək adəti Əhdi-Ətiqə gedib çıxır. Məsələn, Yunus peyğəmbərin kitabında günahkar Ninevanın padşahı peyğəmbərin sözlərindən sonra tövbə edərək: “taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu” (Yunus 3, 6). Yezekel peyğəmbərin kitabında da belə deyilir: “Uca səslə sənin üçün acı-acı fəryad edəcəklər, başlarına torpaq səpələyəcəklər, küldə eşələnəcəklər. ” (Yezekel 27, 30). Əhdi-Cədiddə İsa Məsih deyir: “Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər ” (Mt 11:21). Yəhudi mədəniyyətində “torpağ” və “kül” anlayışı eyni sözlə ifadə edilirdi.
Bizim torpaq olduğumuzu və torpağa çevriləcəyimizi xatırladan sözlər imanlıların düşüncələrini Əhdi-Ətiqdəki hadisələrə yönəldir, insanın yerin tozundan yaradılmasını lakin eyni zamanda Yaradanın bizə həyat nəfəsini üfürdüyünü və bizim “canlı ruh” olduğumuzu xatırladır (Yarad. 2:7). “Köhnə insan” haqqında olan bu sözləri xatırlayaraq, biz “yeni Adəm”i – günah və ölümə qalib gələrək bizə əbədi həyata ümid verən İsa Məsihi xatırlamaya bilmərik. Kül nəyə çevriləcəyimizi deyil, qəlbimizi Qurtuluşu ehtiva edən görünməz dünyaya bağlamasaq nəyə çevrilə biləcəyimizin rəmzidir. Allahsız keçən həyatımız özündən sonra yalnız bir ovuc kül qoyub yox olan qığılcıma bənzəyərdi.
Kül Çərşənbəsinin digər çağırışı – “Tövbə edin və Müjdəyə iman edin” bizi xilasa doğru getməli olduğumuz yola, Allahın Kəlamı ilə yaşamaq ehtiyacına işarə edir.
