22 OKTYABR – ROMA PAPASI MÜQƏDDƏS II İOHANN PAVELİN XATİRƏSİ GÜNÜ VƏ MQD. II İOHANN PAVEL KİLSƏSİNİN TAXT-TAC BAYRAMIDIR
22 oktyabr, mqd. II İohann Pavelin xatirəsi günündə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Bakı şəhəri II İohann Pavel katolik prixodunda kilsə bayramı şərəfinə Müqəddəs Messa keçirib.
Kilsə taxt-tacı bayramı münasibətilə yepiskop Vladimir Fekete tərəfindən Romadan gətirilən və 2022-ci ildə prixodun kilsəsinə təqdim edilən müqəddəs papanın mübarək qalıqları kilsədə ehtiram üçün sərgiləndi.
Yepiskop Vladimir Fekete, Məsihin “Qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin” məşhur ifadəsinin səsləndiyi Rəbbin Günü İncilini (Matta 22, 15:21) şərh edərək qeyd etdi ki, bəşəriyyətin tarixində hər zaman “qeysəri”, yəni bu və ya digər dünyavi ideologiyaları, siyasi və ya iqtisadi gücü, bilərəkdən Allahın yerinə qoyan sistemlər olub və bu hər dəfə ən ağır zorakılığa və qan tökülməsinə, günahsız insanların iztirablarına və mənəvi tənəzzülə gətirib çıxarıb.
“XX əsr iki totalitar sistemin – nasizm və kommunizmin çoxsaylı qanlı cinayətləri ilə yadda qaldı. Bu iki sistemi, fərqlərinə baxmayaraq, bir şey birləşdirirdi – Tanrının insan həyatından qovulması və siyasi ideologiyanın ilahiləşdirilməsi. Bu sistemlərin insanlara gətirdiyi ağır iztirabların şahidi olan II İohann Pavel cəmiyyətlərin şüurunu bu və buna bənzər sistemlərin saxta postulatlarından azad etməkdə xüsusi rol oynamışdır. Təəssüf ki, bizim dövrümüzdə Allahsız həyat qurmaq ideyası yeni aktuallıq qazanır və onun acı bəhrələri artıq göz qabağındadır”, – deyə yepiskop Vladimir Fekete qeyd edib.
II İohann Pavelin xatirəsi Azərbaycan katolikləri üçün xüsusilə əzizdir, çünki məhz onun 2002-ci ildəki tarixi səfəri – Roma Pontifikinin qədim Azərbaycan torpağına ilk səfəri ilə Katolik Kilsəsinin ölkəmizdə dirçəlişi prosesi başladı. Bu səfər zamanı Respublikanın prezidenti Heydər Əliyev möhtərəm qonağa xüsusi ehtiram əlaməti, eləcə də xoşməramlılıq və tolerantlıq mədəniyyətinə sadiqliyin ifadəsi olaraq Azərbaycanın katolik icmasına kilsənin tikinti üçün torpaq sahəsi bağışladı.
Azərbaycanda katoliklərin dini həyatının və Katolik Kilsəsinin dini strukturlarının dirçəldilməsi ölkənin dünyəvi hakimiyyəti, ənənəvi dini icmaların rəhbərləri, dövlət və ictimai xadimlər tərəfindən dəstək aldı.
“Allaha şükürlər olsun ki, biz elə bir ölkədə yaşayırıq ki, burada dövlət mənəvi və dini dəyərlərin əhəmiyyətini dərk edir və dini icmalara, o cümlədən Katolik Kilsəsinə fəaliyyətlərində dəstək verir. Biz imanımızı sərbəst şəkildə iqrar edirik və Allahı və həyatlarında məna axtaran insanlara Müjdəni bəyan edə bilərik. Bu gün biz Allahı Onun bizə bəxş etdiyi bütün nemətlərinə görə, II İohann Pavelin həvari xidmətinin hədiyyəsinə görə birlikdə izzətləndirə bilərik və Rəbbdən xahiş edə bilərik ki, O, müqəddəs Papa İohann Pavelin şəfaəti ilə bizə, Yerli Kilsəmizə xeyir-dua versin, cəmiyyətimizdə sülhü qorusun və möhkəmləndirin.”, – deyə sonda yepiskop Vladimir Fekete bildirib.









