24 AVQUST – MÜQƏDDƏS HƏVARİ BARTALMAYIN BAYRAMI

Avqustun 24-də Katolik Kilsəsi İsa Məsihin 12 həvarisindən biri olan müqəddəs Apostol Bartalmayın xatirəsini qeyd edir. Azərbaycan Kilsəsi üçün Apostol Bartalmayın şəxsiyyəti müstəsna əhəmiyyət kəsb edir. Kilsəinin qədim rəvayətinə görə, Bartalmay İncili müasir Azərbaycanın yerləşdiyi torpaqlarda vəz edib. Bu o deməkdir ki, Azərbaycanda xristianlığın tarixi Bartalmayın həvari möizəsi ilə başlayır və buna görə də ölkəmizdəki Kilsə apostol mənşəlidir. Bartalmay burada, Xəzər dənizinin sahilinə yaxın, Alban adlanan şəhərdə (Şərq Kilsəsinin ənənəsi həmin şəhərin Bakı şəhəri olduğunu iddia edir) Məsih uğrunda şəhid olub. Ona görə də həvari Bartalmay bizim tərəfimizdən, ilk növbədə, Azərbaycan Kilsəsinin, eləcə də bütün ölkəmizin duaçı hamisi kimi ehtiram edilir.

Bayram Messaların cədvəli:

Mqd. II İohann Pavel prixodunda, avqustun 23-ü, Bayram Ərəfəsi Günü saat 19:00-da, avqustun 24-ü, Bayram Günü, saat 19:0 rus dilində

Mqd. Məryəm kilsəsində, avqustun 24-ü, saat 07:00 ingilis, 12:45 rus  dillərində

Kilsə bayram gününə qalan vaxt ərzində Azərbaycanın katoliklərini müqəddəs həvari Bartalmayı yad etməyə, ondan Kilsəmiz, ölkəmiz, xalqımız, Azərbaycanda sülh və əmin-amanlıq üçün dua şəfaəti diləməyə dəvət edir. Həvari Bartalmayın rəvayətə görə edam edildiyi Qız Qalasının ətəyinə fərdi şəkildə kiçik dua ziyarəti etməklə Allaha inamı və himayədarımızla mənəvi əlaqəni gücləndirmək ruhumuz üçün faydalı olar.