27 SENTYABR – ANIM GÜNÜ
27 sentyabr – Anım Günündə keçirilən Messadan sonra Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti mons. Vladimir Fekete bir sıra yerli KİV-lərə, o cümlədən REAL TV -yə müsahibə verib.“Kilsə həmişə əzab çəkənlərin yanında olub. Biz bu gün təkcə şəhidlərin xatirəsini yad etmirik, övladlarını itirmiş analara, qardaşlarını itimiş bacılara, ərlərini itirmiş xanımlara ehtiram edirik. Biz bu Messanı Qarabağ müharibəsinin bütün qurbanlarına həsr etmişik. Öz dualarımızla Azərbaycan xalqı ilə həmrəyliyimizi ifadə edirik”, – deyə Apostol prefekti qeyd edib.
V.Fekete dini, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan xalqının həmrəyliyinə şahid olduğunu xüsusi vurğulayıb.
“Bəli, Azərbaycan müxtəlif dinləri olan çoxmillətli ölkədir. Həm biz – katolik xristianları, həm pravoslav xristianları, həm də yahudilər bu günü dua ilə başladıq. Bütün bunlar ondan irəli gəlir ki, biz Azərbaycanda özümüzü bir ailə kimi hiss edirik. Müsəlman yaxud xristian olmağımızdan asılı olmayaraq, biz bu ölkədə yaşayırıq və bu ölkənin çiçəklənməsi naminə dualar edirik”.Apostol prefekti Ağdam və Şuşa səfərlərindən də danışıb: “Mən Ağdamda da, Şuşada da oldum, gördüklərimdən heyrətə gəldim. Bu torpaqlar 30 il ərzində hər hansı bir təyinat üçün istifadə edilməyib, sadəcə məhv edilib. Ürəyim dözmədi, axı orada baş verənlər insanlıqdan kənardı”.
