28-ci Rəbb günü Adi dövrdə B ili

Müdriklik kitabından sözlər (Müdr 7, 7-11) Risultati immagini per 28th sunday in ordinary time year b

Dilədim və mənə ağıl verildi. Yalvardım və müdriklik ruhu mənə gəldi. Biliyə padşahlıq əsasından və taxtlarından daha çox dəyər verdim. Onunla müqayisə olunduğu zaman mənim üçün zənginliyin heç bir əhəmiyyəti yoxdur. Dəyərli daş-qaşları onunla bir tutmadım, çünki onunla müqayisə zamanı bütün qızıllar bir ovuc qum kimi qalır, gümüş də palçıq sayılır. Biliyi, sağlamlıqdan və gözəllikdən daha çox sevdim. Onu işıqdan üstün tutdum. Çünki onun verdiyi parıltı tükənməzdir. Onunla bütün yaxşılıqlar mənə gəldi. Onun əlində sonsuz zənginliklər var. 

Z 90, 12-13. 14-15. 16-17

Nəqarat: Ya Rəbb, qoy qəlbimiz hikmətli olsun.

Bizə öyrət nə qədər ömrümüz var, qoy qəlbimiz hikmətli olsun.

Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən? Sən qullarına rəhm et.

Səhər-səhər bizə doyunca məhəbbət göstər, qoy ömrümüz boyu sevinib fərəhlənək.

Bizi zülmə saldığın günlər qədər, bəlaya düşdüyümüz illər qədər sevindir.

Əməllərin qullarına, əzəmətin övladlarına görünsün.

Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, əllərimizin zəhmətini uğurlu et, bəli, bizim əllərimizin zəhmətini uğurlu et.

İbr 4, 12-13

Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir. Allahın önündə gizli qalan məxluq yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.

Mk 10, 17-30

İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: “Ey yaxşı Müəllim, mən nə edim ki, əbədi həyatı irs olaraq alım?” İsa ona dedi: “Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. Sən Onun əmrlərini bilirsən: Qətl etmə, zina etmə, oğurluq etmə, yalan şahidlik etmə, kimisə aldatma, ata-anana hörmət et”. Bu adam isə İsaya dedi: “Müəllim, bütün bunlara gəncliyimdən bəri əməl edirəm”. İsa ona baxdı və onu sevdi. Sonra ona dedi: “Sənin üçün bir şey çatmır, get nəyin varsa, satıb kasıblara payla. Onda sənin xəzinən göylərdə olacaq. Sonra qayıt, Mənim ardımca gəl”. Bunu eşidən adam pərt oldu. Kədərlənərək çıxıb getdi, çünki var-dövləti çox idi. İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: “Var-dövləti olanların Allahın Səltənətinə daxil olması nə qədər çətindir!” Şagirdləri Onun sözlərinə təəccüb etdilər. Amma İsa yenə onlara cavab verib dedi: “Övladlarım, Allahın Səltənətinə daxil olmaq nə qədər çətindir! Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Səltənətinə daxil olmasından asandır”. Onlar çox təəccübləndilər və bir-birlərinə dedilər: “Elə isə kim xilas ola bilər?” İsa onlara baxıb dedi: “Bu, insanlar üçün mümkün deyil, Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür”.

Peter Ona belə deməyə başladı: “Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik”. İsa cavab verdi: “Sizə doğrusunu deyirəm: Mənim uğrumda və Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya övladlarını yaxud torpaqlarını atan elə bir şəxs olmayıb ki, indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə yüz qat artıq ev, qardaş, bacı, ana, övlad, torpaq, gələcək dövrdə isə əbədi həyat almasın.