29-cu Rəbb günü Adi dövrdə B ili
Yeşaya 53, 10-11
Amma Rəbb Özü onun bu iztirablarını istədi, çəkdiyi əziyyətlər Onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim etdikdə nəslini görəcək, ömrü uzanacaq. Rəbbin istəyi onun əli ilə uğur tapacaq. O, çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, onların şər əməllərinin yükünü üzərinə götürəcək.
Z 33, 4-5. 18-19. 20+22
Nəqarat: Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, məhəbbətin üzərimizdən tükənməsin.
Rəbbin sözü haqdır, hər işini sədaqətlə aparır.
Rəbb salehliyi və ədaləti sevir, yer üzü Onun məhəbbəti ilə dolur.
Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.
İstəyir ki, onları ölümdən qurtarsın, qıtlıqda belə, onlar sağ qalsın.
Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz.
Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, məhəbbətin üzərimizdən tükənməsin.
Ibranilərə məktub 4, 14-16
Deməli, göylərin qatından keçmiş böyük Baş Kahinə, yəni Allahın Oğlu İsaya malik olduğumuza görə, iqrar etdiyimiz imanı möhkəm tutaq. Çünki biz elə bir baş kahinə malik deyilik ki, zəifliklərimizdə bizə acıya bilməsin; əksinə, bizim kimi imtahan edilmiş, günahdan xaric, hər şeydə bizə bənzəyən bir Baş Kahinə malikik. Beləliklə, lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında yardıma malik olmaq üçün mərhəmət alıb, lütf tapaq.
Mark 10, 35-45
Zevedeyin oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim! Biz istəyirik ki, nə xahiş etsək, onu yerinə yetirəsən.» Onlara dedi: «Nə etməyimi istəyirsiniz?» Onlar da dedilər: «Bizə izin ver Sənin izzətində birimiz sağında, birimiz də solunda oturaq.» İsa da onlara dedi: «Siz nə dilədiyinizi bilmirsiniz. Mənim içəcəyim kasadan içə bilərsinizmi? Və Mən vəftiz olduğum kimi vəftiz ola bilərsinizmi?» Ona: «Bilərik», – dedilər. İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz və Mən vəftiz olduğum kimi vəftiz olacaqsınız. Lakin sağımda və ya solumda oturmağa izin vermək Mənim əlimdə deyildir. Bu yerlər müəyyən şəxslər üçün hazırlanmışdır.» On şagird bunu eşidərək, Yaqub və Yəhyaya hiddətlənməyə başladı. İsa onları yanına çağırıb dedi: «Bilirsiniz ki, xalqlar arasında rəis sayılanlar onlara hökmdarlıq edərlər və ağaları üzərlərində hakimiyyət sürərlər. Sizin aranızda belə olmamalıdır. Lakin aranızda böyük olmaq istəyən, digərlərinin nökəri olsun. Və aranızda birinci olmaq istəyən, digərlərinin qulu olsun. Ona görə ki, İnsan Oğlu da Ona xidmət edilmək üçün deyil, xidmət etməyə və bir çoxları üçün canını fidiyə olaraq verməyə gəlmişdir.»