3-cü Rəbb günü Adi dövrdə C ili

Nehemya 8, 2-4a. 5-6. 8-10

Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan bütün camaatın qabağına gətirdi.

Ezra Su darvazasının qarşısındakı meydanda kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı.

İlahiyyatçı Ezra bu iş üçün taxtadan düzəldilmiş hündür kürsünün üstünə çıxdı. Ezra bütün xalqın gözü qabağında kitabı açdı, çünki o bütün xalqdan daha yüksəkdə durmuşdu. O kitabı açanda bütün xalq ayağa qalxdı. Ezra böyük Allaha, Rəbbə həmd etdi və bütün xalq əllərini qaldıraraq «Amin! Amin!» deyə cavab verdi. Sonra baş əydilər və üzüstə yerə döşənib Rəbbə səcdə qıldılar. Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün. Vali Nehemya, kahin ilahiyyatçı Ezra və xalqı öyrədən Levililər hamıya dedilər: «Bu gün Allahınız Rəbb üçün müqəddəs gündür. Buna görə kədərlənməyin və ağlamayın». Çünki bütün xalq Qanunun sözlərini eşidərkən ağlayırdı. Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir».

Zəbur 19, 7-9. 14

Nəqarat: Ya Rəbb, Sənin sözlərin ruh və həyatdır.

Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.

Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.

Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.

Ya Rəbb, ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələr Hüzurunda qəbul olunsun.

Ya Rəbb, mənim Qayam və Satınalanımsan!

Korinflilərə birinci məktubu 12, 12-14. 27

Çünki necə ki, bədən bir olduğu halda çoxlu üzvlərə malikdir, bir bədənin üzvləri isə çox olduğu halda bir bədən təşkil edirlər, Məsih də elədir. Çünki istər yəhudi, istər yunan, istər qul, istərsə də azad, hamımız bir bədən olmaq üçün bir Ruhda vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik. Bədən isə bir üzvdən deyil, çox üzvdən ibarətdir. Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə üzvlərisiniz.

Lukanın müjdəsi 1, 1-4. 4, 14-21

ARTIQ çoxları aramızda baş vermiş hadisələr haqqında hekayət tərtib etməyə girişdiklərindən, lap başlanğıcdan öz gözləri ilə görənlərin və Kəlama xidmət edənlərin bizə xəbər verdiyi kimi, ey möhtərəm Teofil, mən də münasib gördüm ki, hər şeyi əvvəldən diqqətlə araşdırıb sıra ilə sənin üçün təsvir edim ki, sənə öyrədilən təlimin əsasını biləsən.

İsa Müqəddəs Ruhun qüvvətilə Qalileyaya qayıtdı; və Onun xəbəri bütün ətraf vilayətlərə yayıldı. O, hamı tərəfindən mədh edilərək onların sinaqoqlarında təlim verirdi. Tərbiyə almış olduğu Nazaretə gəldi; Öz adəti üzrə şənbə günü sinaqoqa girdi və oxumaq üçün ayağa qalxdı.

Ona Yeşaya peyğəmbərin kitabı verildi. Kitabı açıb, bu sözlər yazılmış yeri tapdı: «Rəbbin Ruhu üzərimdədir, çünki yoxsullara Müjdəni bildirmək üçün O Məni məsh etdi və göndərdi ki, qəlbi sınıq olanlara şəfa verim, əsirlərə hürr olacaqlarını, korlara gözlərinin açılacağını təbliğ edim, əzilənləri azad edim, Rəbbin lütf ilini elan edim.» Kitabı bağladı və xidmətçiyə verib oturdu; sinaqoqdakıların hamısının gözü Ona dikilmişdi. İsa onlara söyləməyə başladı: «Eşitdiyiniz bu Yazı bu gün icra edildi.»