3-cü Rəbb günü Oruc dövründə C ili

Çıxış 3, 1-8a. 13-15
Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi. Birdən Rəbbin mələyi ona bir kol arasından od-alov içərisində göründü; od içində kolun sönmədən yanmasını görüb Musa öz-özünə dedi: «Gedim, bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır». Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: «Musa, Musa!» O da «mən buradayam» dedi. Allah dedi: «Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır». Sonra dedi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam». Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu.
Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, ne’mətli bir diyara, süd və bal axan torpağa aparım. Musa Allaha dedi: «İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?» Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi: «İsrail övladlarına belə söylə: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi”». O, Musaya belə dedi: «İsrail övladlarına söylə: “Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb məni sizin yanınıza göndərdi”. Adım əbədi olaraq budur. Qoy Məni nəsildən-nəslə belə xatırlasınlar.

Zəbur 103, 1-4. 6-8. 11
Nəqarat: Rəbb lütfkar və rəhmlidir.

Rəbbə alqış et, ey könlüm, ey bütün varlığım, Onun müqəddəs adına alqış et!
Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları:

Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən.
Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan.

Rəbb bütün miskinlərə Haqq-ədalət göstərir.
Yollarını Musaya, əməllərini İsrail övladlarına göstərib.

Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir.
Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.

Korinflilərə birinci məktubu 10, 1-6. 10-12
Qardaşlar, sizi xəbərsiz qoymaq istəmirəm ki, əcdadımızın hamısı buludun müdafiəsi altında idi və hamısı dənizdən keçdi; hamısı musaya bağlanmaq üçün buludda və dənizdə vəftiz olundu; hamısı eyni fövqəltəbii yemək yedi; və hamısı eyni fövqəltəbii içki içdi, çünki ardınca gələn fövqəltəbii daşdan içirdilər; o daş isə Məsih idi. Amma Allah onların çoxundan razı deyildi; çünki cəsədləri səhraya sərildi. Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək. Deyinməyin; onlardan bəziləri deyindilər və öldürücü mələk tərəfindən məhv edildilər. Bütün bunlar ibrət olaraq onların başına gəlirdi; son əsrlərə çatan bizlər üçün də məsləhət olaraq qeyd edildi. Buna görə də, kim düşünürsə ki, ayaq üstə durub, ehtiyatlı olsun ki, yıxılmasın.

Lukanın müjdəsi 13, 1-9
Bu zaman bəziləri gəldilər və Pilatın bəzi qalileyalıları necə öldürüb, qanlarını öz kəsdikləri qurbanlara qatdığını İsaya söylədilər. İsa cavabında onlara dedi: «Məgər elə düşünürsünüz ki, bu qalileyalılar bu aqibətə uğradıqlarına görə bütün başqa qalileyalılardan daha günahkar idilər?
Xeyr, deyirəm sizə; lakin, əgər tövbə etməsəniz, hamınız onlar kimi həlak olacaqsınız.
Yaxud Şiloax qülləsinin üzərlərinə düşüb öldürdüyü o on səkkiz nəfəri, Yerusəlimdə yaşayan adamların hamısından daha günahkarmı sayırsınız? Xeyr, deyirəm sizə; lakin əgər tövbə etməsəniz, hamınız bu cür həlak olacaqsınız.» Və onlara bu məsəli çəkdi: «Bir nəfərin bağında əkilmiş bir əncir ağacı var idi və o gəlib onun başında meyvə axtardı, lakin tapmadı. Və bağbana dedi: “Budur, artıq üç ildir ki, mən bu əncir ağacının yanına gəlib meyvə axtarıram və tapmıram; onu kəs; niyə boş yerə torpaq tutur?” Amma bağban cavabında ona dedi: “Ağa! Ona bu il də toxunma, mən onun ətrafını belləyər və peyinlə dövrəyə alaram. Meyvə gətirərsə, yaxşı. Əgər gətirməzsə, gələn il kəsərsən.”»