3-cü Rəbb günü Pasxa dövründə C ili
Həvarilərin işləri kitabından sözlər (Həv 5, 27b-32.40b-41) 
Baş kahin həvarilərdən soruşdu: «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz».
Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha tabe olmaq daha vacibdir. Ata-babamızın Allahı sizin ağaca mıxlayıb öldürdüyünüz İsanı diriltdi. İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Yolaçan və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. Bu şeylər barədə biz şahidik, Allahın Özünə tabe olanlara verdiyi Müqəddəs Ruh da şahiddir».
Yəhudilər həvariləri qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər.
Həvarilər bu ad uğrunda təhqir olunmağa layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar.
Z 30, 1+3. 4-5. 11-12a+13b
Nəqarat: Ya Rəbb, Səni ucaldıram, çünki Sən məni qurtardın
Ya Rəbb, Səni ucaldıram, çünki Sən məni qurtardın, düşməni mənə görə sevinməyə qoymadın.
Ya Rəbb, canımı ölülər diyarından azad etdin, qəbrə düşməyim deyə Sən mənə həyat verdin.
Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Müqəddəsliyini yada salın, Ona şükürlər edin.
Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır.
Kimin bir gecə gözündən yaş tökülərsə, onun üçün sübh tezdən sevinc doğar.
Ya Rəbb, dinlə, mənə lütf et, ya Rəbb, köməyimə çat».
Yasımı şənliyə çevirdin, Çulumu çıxarıb məni sevincə bürüdün.
Ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm!
Vəhy kitabından sözlər (Vəhy 5, 11-14)
Mən, Yəhya, taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında milyonlarla, saysız-hesabsız mələk gördüm və onların səsini eşitdim. Onlar uca səslə deyirdi: «Kəsilmiş Quzu Qüdrəti, sərvəti, hikməti, qüvvəti, şərəfi, izzəti və alqışı Almağa layiqdir». Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim: «Taxtda Oturana və Quzuya əbədi olaraq alqış, şərəf, izzət və qüdrət olsun!» Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər.
Müqəddəs Yəhya tərəfindən yazılan İncil kitabından sözlər (Yəh 21, 1-19)
İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə oldu:
Şimon Peter, «Əkiz» adlanan Toma, Qalileyanın Qana kəndindən olan Natanel, Zebedeyin oğulları və Onun başqa iki şagirdi birlikdə idi. Şimon Peter onlara «balıq ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedi. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər.
Günəş doğarkən İsa sahildə dayanmışdı, amma şagirdlər Onun İsa olduğunu bilmədilər. İsa onlara dedi: «Uşaqlar, yeməyə bir şey tutmusunuzmu?» Ona «xeyr» deyə cavab verdilər. İsa yenə dedi: «Toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız».
Eləcə də atdılar və o qədər balıq tutdular ki, toru çəkə bilmirdilər. Onda İsanın sevimli şagirdi Peterə «Bu, Rəbdir» söylədi. Şimon Peter Onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb gölə atıldı.
O biri şagirdlər isə balıq torunu çəkə-çəkə qayıqda gəldilər, çünki sahildən uzaq deyildilər, cəmi iki yüz qulac məsafədə idilər. Onlar quruya çıxanda orada közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər.
İsa onlara dedi: «İndi tutduğunuz balıqlardan gətirin». Şimon Peter qayığa minib yüz əlli üç böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı. İsa onlara dedi: «Gəlin, səhər yeməyi yeyin».
Şagirdlərdən heç biri Ondan «Sən kimsən?» deyə soruşmağa cəsarət etmirdi, çünki Onun Rəbb olduğunu bilirdilər. İsa gəlib çörəyi götürdü və onlara verdi, eləcə balığı da verdi. İsa ölülər arasından dirildikdən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərə görünürdü.
Səhər yeməyini yeyəndən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə».
İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar».
Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə. Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq».
İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyini bildirsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi.